MƏDƏNİYYƏT

Yaxşılar çox yaşamazmış, cəmi 6 həftə...

Cəmiyyəti varlı qız ailəsi ilə kasıb oğlan ailəsinin dava-qırğını, mafiyaların qan tökməsi, müharibə-vətən pafosları maraqlandırır
Sputnik

BAKI, 5 iyul — Sputnik. Yerli serialların bayağı və reallıqla uyğunlaşmayan absurd məzmunlarından yazmışdım. Bəzilərinin hansısa vasitələrlə efirə yol tapıb mafiya mövzusunda serial çəkməsi indiki söhbətimizin mövzusu deyil. Bu baxımdan, nisbətən reallıqla uyğunlaşan məzmunlu seriallardan söz açmaq istəyirəm.

Türkiyə telekanallarına baxmaq dövrü bitdi

Bizim mühitimiz yaradıclıq üçün geniş imkanlar vəd etmir. Sayımız az, coğrafiyamız kiçik, yaşam tərzimiz standartdır. Bir xeyli mənasız adətlərimiz olsa da, bunlar heç serial üçün də uğurlu məzmun deyil.

Azərbaycanda maraqla izlənilən Türkiyə serialları da əhali çoxluğuna, ərazi genişliyinə, hadisə bolluğuna rəğmən, oxşar məzmunlara sahibdir. Sevgi məzmunlu seriallar hələ də varlı qız, kasıb oğlan şablonundan çıxa bilməyib. Tarixi seriallar da pafosla, yersiz ideallaşdırmalarla, quruluş səhvləri və texniki xətalarla, bənzər hadisələrlə doludur.

Bunların içində ən əttökəni isə müharibə-vətən mövzulu türk seriallarıdır. Bu cür seriallardakı dramatik səhnələrdə şeir kimi səslənən cümlələr, fondan eşidilən musiqi, aktyor və aktrisa oyunları, sadəcə gözyaşına hesablanmış kədərli epizodlar adamı vətəndən iyrəndirir.

Tarixi və müharibə-vətən mövzulu seriallar Azərbaycana hələ gəlib çatmasa da, mafiya, sevgi, ailə-məişət mövzuları mümkün ola biləcək ən pis formada Türkiyədən kopyalanır, azacıq mühitimizə uyğunlaşdırılır və yayımlanır. Bu eyniliyin fərqinə vardığım ilk vaxtlarda ssenaristləri və rejissorları qınayırdım. Bir müddət əvvəl isə bu eyniliyi elə məhz xalqın tələb etdiyini anladım.

Deməli, Türkiyədə yayımlanan serialların reytinq cədvəlinə baxanda ilk sıralarda tarixi, müharibə-vətən və mafiya mövzulu serialların olduğunu gördüm. Hansı ki, bu serialların hamısı məzmun etibarı ilə qan püskürürdü. Qəhrəmanların həm əməlləri, həm nitqləri mühiti davaya, qırğına, ölüm-itimə, qan tökməyə səsləyirdi. Azərbaycanda da ən çox izlənilən türk serialları elə həmin seriallardır.

Türk seriallarına qoyulan qadağanın arxasından görün kim çıxdı?

Lakin eyni vaxtda Türkiyədə yayımlanan "8. Gün" adlı seriala rastladım. Qısa məzmunu ilə tanış olduqdan sonra yenilik gördüm. Serialı təzəcə izləməyə başlamışdım. Hər şey yaxşı gedirdi. Bir elm insanından, ölkəsinin inkişafı üçün çalışan, əhəmiyyətli bir proqram yazılışına imza atan, bu uğurunu ölkənin xidmətinə vermək üçün bütün qara qüvvələrlə vuruşan, hər cür bəlalara göz yumub məqsədindən yayınmayan bir qadının həyatından bəhs edirdi.

Hətta hər bölümündə istər gündəlik həyatımızla bağlı adi biliklər, istərsə də dərin elmi məlumatlarla tanış oldum. Hər nə qədər bizim ölkədə olmasa da, ən azından qardaş dediyimiz ölkədə belə bir məzmunun serial kimi günlük sənət vasitəsi ilə yayımlanmasına xeyli sevinmişdim.

Çox çəkmədi. Reytinq azlığı səbəbi ilə altıncı bölümündə serialın finalı oldu. Çünki cəmiyyət varlı qız ailəsi ilə kasıb oğlan ailəsinin dava-qırğınını, mafiyaların qan tökməsini, müharibə-vətən pafoslarını izləmək istəyirdi. Çünki yüzillər boyu sənətin yüksəkliyinə qalxa bilməyib, sənəti öz səviyyəsinə endirmək istəyən bir mühit üçün elmi-bədii mövzulu serial həddən artıq çox idi. O qədər çox ki, kütlə onu ən gərəksiz əşya kimi bir kənara tulladı.