HADİSƏ

Bakıda telekanal və məşhur mağazalar şəbəkəsinin əməkdaşları arasında qalmaqal

Hər iki tərəf özünü haqlı hesab edir: Bəs qanun nə deyir?
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Azərbaycanın məşhur teleaparıcısı Firuzə Cəlilova "Bizim market" mağazalar şəbəkəsinin Xətai rayonu, Köhnə Günəşli ərazisində yerləşən dükanının əməkdaşları ilə dalaşmaqdan özünü güclə saxlayıb. Sputnik Azərbaycan-a danışan Cəlilova bildirib ki, insident "Xəzər" televiziyasında yayımlanan "Əlimin duzu" verlişinin marketdə bazarlıq hissəsinin çəkilişlərini bitirib gedərkən baş verib.

Onun sözlərinə görə, indiyədək onlar ölkənin bir sıra məşhur marketlərində bu qəbildən olan çəkilişləri aparıblar. Lakin onların heç birində belə problemlə üzləşməyiblər.

"Biz sakitcə marketdə çəkilişləri apardıq. Oradan çıxarkən, marketin "səlahiyyətli" əməkdaşları bizi əhatəyə aldılar və operatorun əlindən videokameranı almağa çalışdılar. Mən butun bunları telefonla çəkərkən onlar məni hədələyərək və əlimə vuraraq telefonu götürmək istədilər. Mən onların niyə belə etdiklərini başa düşmədim. Onlar, hətta yolumuzu kəsdilər ki, marketdən çıxa bilməyək" — deyə Cəlilova bildirib.

Aparıcı daha sonra əlavə edib: "Quldur kimi maşınımızın qarşısını kəsib, bizi buraxmaq istəmirdilər. Təsəvvür edin, mən maşına əyləşdikdən sonra gördüm ki, operatorumuz Elnuru, reper Qurd və prodüseri Cavidi əhatəyə alıb kameranı əllərindən almaq istəyirlər. Yolu bağlayaraq kameranı tələb etdilər. Kamerada isə sadəcə reper Qurdla bazarlıq etdiyimiz gorüntulər var. Bunu da onlar bilirdi. Bizə qarşı bu hərəkətlərinin səbəbini anlamırıq".

F.Cəlilova hesab edir ki, marketin işçiləri nədənsə qorxduqları üçün onların üzərinə hücum çəkiblər. Xanım aparıcı başlarına gələn hadisəni "Instagram" vasitəsilə hər kəslə paylaşıb ki, belə problemlə üzləşərkən hazırlıqlı olsunlar.

Sputnik Azərbaycan-ın müxbiri baş verən hadisə ilə bağlı "Bizim market" şəbəkəsinin hüquqşünası Fərhad Kərimovla əlaqə saxlayıb. Kərimov bildirib ki, AR Konstitusiyasının 33-cü maddəsinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ var: "Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Bu məsələ Cinayət Məcəlləsində də əksini tapıb".

Məşhur marketlər şəbəkəsindəki davanın ilginc təfərrüatı

Onun sözlərinə görə, qanunda toxunulmaz olan təkcə mənzil deyil, vətəndaşın xüsusi mülkiyyətində olan ofis, market, anbar da toxunulmazdır. Və məhkəmənin razılığı olmadan bu ərazilərə daxil olmaq qanunsuz sayılır: "Onlar əvvəlcə bizdən çəkiliş aparmaq üçün razılıq almalı idilər və yalnız bundan sonra "Bizim market"in ərazisində veriliş çəkə bilərdilər. Bizim əməkdaşlarımız mədəni şəkildə onlardan marketi tərk etməyi tələb ediblər. Onlar isə bu tələbə məhəl qoymaq istəməyiblər və nəticədə münaqişə yaranıb".

Xatırladaq ki, Firuzə Cəlilova Azərbaycanın tanınmış teleaparıcılarından biridir. O, ölkənin bir sıra telekanallarında işləyib. Hazırda "Əlimin duzu" verlişində mağazadan alış-veriş edəndən sonra ulduzlarla birlikdə onların sevimli yeməklərini hazırlayır.