BAKI, 1 iyul — Sputnik. Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında 1/8 finalın növbəti oyunu keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvanın "Lujniki" stadionunda Rusiya və İspaniya yığmaları üz-üzə gəliblər.
Oyunda hesab birinci hissənin 12-ci dəqiqəsində açılıb. İspanların zərbəsindən sonra top Sergey İqnaşeviçin ayağına dəyərək qapıdan keçib — 0:1. 41-ci dəqiqədə top Pikenin əlinə dəydiyi üçün ispanların qapısına penalti təyin edilib. Artyom Dzyubanın zərbəsi dəqiq olub — 1:1. İlk yarı bu hesabla başa çatıb.
İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb və çempionatda ilk dəfə olaraq qalibi müəyyən etmək üçün əlavə 30 dəqiqə təyin olunub.
Əlavə edilmiş 30 dəqiqənin ilk yarısında da komandalar fərqlənə bilməyiblər. Əlavə olunmuş ikinci 15 dəqiqədə də qol vurulmadığından komandalar qalibi 11 metrlik zərbələrlə müəyyən etməli olublar.
Penalti zərbələrini daha dəqiq yerinə yetirən (4:3) Rusiya millisi tarixində ilk dəfə 1/4 finala yüksəlib.
1/4 finalda onları Xorvatiya-Danimarka oyununun qalibi ilə görüş gözləyir.