Zavod işçisi 21 iş yoldaşının ölümündə ittiham edilir

Polisdən bildirilib ki, baş verən hadisə ilə bağlı 2000-ci ildən bu günə qədər ölən 21 nəfərin ölümü araşdırılacaq
Sputnik

BAKI, 30 iyun — Sputnik. Almaniyada metal hissəciklər istehsal edən ARİ Armaturen şirkətinin əməkdaşı 21 iş yoldaşını zəhərli qida ilə öldürməkdə ittiham edilir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 38 ildən artıqdır ki, zavodda işləyən 56 yaşlı kişini əməkdaşlarda biri öz qidasında qəribə toz aşkar edəndən sonra həbs ediblər.

İşçi bu barədə rəhbərliyə bildirib. Bundan sonra zavodun müşahidə kameralarına baxılıb. Vidoegörüntülərdə həmin kişinin başqasının yeməyini açaraq ona nəsə əlavə etdiyi görünür.

Məşhur istirahət bölgəsində kütləvi zəhərlənmə: 100-ə yaxın insan xəstəxanalıq olub

"Biz əvvəlcə bunun sui-qəsd deyil, pis zarafat olduğunu düşünürdük" deyə şirkətin meneceri bildirib.

Araşdırma zamanı qidalara qurğuşun asetatı töküldüyü məlum olub. Qurğuşun asetatı çox zəhərli və dadsız maddədir və orqanlara ciddi zədə vura bilər. Kişinin evində aparılan axtarış zamanı civə, kadmiyum, çantasında isə toz maddə olan şüşə aşkarlanıb. Hazırda kişi bir nəfərin ölümündə ittiham edilir. Ancaq polisdən bildirilib ki, baş verən hadisə ilə bağlı 2000-ci ildən bu günə qədər ölən 21 nəfərin ölümü də araşdırılacaq.

Məlumata görə, zavod əməkdaşları arasında ürək-damar xəstəliklərindən və xərçəngdən ölüm halları daha çoxdur və bu da ağır metalların təsiri ilə əlaqələndirilir. Hazırda zavodun iki əməkdaşı komadadır, biri isə dializ qəbul edir.

Sui-qəsd ehtimalı istintaqı ilə 15 nəfərlik qrup məşğul olacaq. Onlar həkimləri və ölən insanların yaxınlarından ifadə alacaq. Cəsədlərin eksqumasiyası da nəzərdə tutulur.

Həbs edilən şəxs isə susmağa üstünlük verir.