BAKI, 30 iyun — Sputnik. Avstriyada azərbaycanlılara məxsus "Qarabağ Vyana" futbol klubu fəaliyyətini dayandırıb.
"Report"un əldə etdiyi məlumata görə, gələn mövsümdən Şərq Regional Liqasında çıxış etməli olan kluba misirli iş adamı Mustafa əl-Nimrə sahib olub. Əl-Nimr həm də Vyana Liqasında çıxış edən "Sport Admira" klubunun sahibidir. O, "Qarabağ Vyana"nın adını dəyişərək, "Mauerverk" kimi Şərq Regional Liqasında çıxışını davam etdirməsini məqsədəuyğun sayıb. İş adamı martda "Qarabağ Vyana"nın baş məşqçi postundan istefaya göndərilmiş Volkan Kahramanı kluba idman direktoru qismində qaytarıb.
"Qarabağ Vyana"nın baş meneceri Ramin Şükürov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, İdarə Heyətinin qərarına əsasən, "Qarabağ Vyana"nın 2018-2019 mövsümündən fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Şərq Regional Liqasında yeni mövsüm avqustun 3-də start götürəcək. Təqvimə əsasən, "Qarabağ Vyana" ilk turda səfərdə "Traiskirxen"lə üz-üzə gəlməli idi.