BAKI, 30 iyun — Sputnik. FİDE (Beynəlxalq Şahmat Federasiyası) dünyanın ən güclü şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb.
"Report"un məlumatına görə, ilk "100-lük"də Azərbaycanın yenə 6 zəka ustası yer alıb.
Şəhriyar Məmmədyarov yenə 3-cü pillədə qalsa da, 7 xal itirib. Hazırda onun 2801 xalı var.
Teymur Rəcəbov əvvəlki tək 2751 xalla 17-ci, Rauf Məmmədov 2708 xalla 36-cı pillədə qərarlaşıb.
Arkadi Naydiç ötən siyahı ilə müqayisədə xallarını 2697-dən 2698-ə çatdırsa da, 47-ci pillədə qalıb.
Eltac Səfərli bir xal və bir pillə artırıb. O, hazırda 2667 xalla 76-cıdır.
Nəhayət, Qədir Hüseynovun yenə 2654 xalı olsa da, o, ukraynalı Martin Kravtsov və ABŞ təmsilçisi Varujan Akobyanla birgə 99 — 101-ci pillələri bölüşür.
Qadınların mübarizəsində isə "100-lüy"ə yalnız Günay Məmmədzadə düşüb. O, ötən ayla müqayisədə 5 pillə geriləyib və 16 xal itirib. Hazırda Məmmədzadə 2426 xalla 37-cidir.
Qeyd edək ki, kişilərin siyahısında ilk 2 yeri norveçli Maqnus Karlsen (2842) və ABŞ təmsilçisi Fabiano Karuana (2822), qadınlarda isə çinli İfan Hou (2658) və Ventszyun Tszyuy (2568) tuturlar.