HADİSƏ

Bakıda böyük fəlakətin qarşısı alındı, amma zərərin miqyası böyükdür

Cərimə meydançasında saxlanılan 50-yə yaxın avtomobil yanıb
Sputnik

BAKI, 29 iyun — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasında yanğın baş verib. Sputnik Azərbaycan xəbər verir ki, cərimə meydançasında saxlanılan 50-yə yaxın avtomobil yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakıda cərimə meydançasında güclü yanğın: 50-yə yaxın avtomobil yanıb

Yerli sakinlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, ərazidə 3 il öncə də yanğın hadisəsi baş verib: "O vaxt da xeyli sayda avtomobilə zərər dəymişdi. O vaxt yanğına səbəb qısqapanma olmuşdu. İndi deyilənə görə, zibil qutuları yanıb. Ərazidə quru otlar olduğu üçün otlar da alışıb, sonra yanğın avtomobillərə keçib. Hardasa 40-50 avtomobil sıradan çıxıb".

Sakinlər onu da bildiriblər ki, cərimə meydançasında, sadəcə qəzaya düşmüş və yararsız hala gəlmiş avtomobillər deyil, qayda pozuntusuna yol vermiş şəxslərin saz vəziyyətdə olan avtomobilləri də olub.

Cərimə meydançasında yanğın

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.