HADİSƏ

Bakıda cərimə meydançasında güclü yanğın: 50-yə yaxın avtomobil yanıb

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub, yanğının söndürülməsi üçün işlər aparılır
Sputnik

BAKI, 29 iyun — Sputnik. Nizami rayonu ərazisində yerləşən avtomobil cərimə meydançasında yanğın başlayıb. Alov meydançadakı avtomobilləri bürüyüb. Yanan avtomobillər arasında arasında "BMW", "Niva" və "VAZ 2106-7" markalı avtomobillər var. 

Cərimə meydançasında yanğın

Ərazi sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, hazırda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.