CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlar, bu ölkələrə getməyin: Sizi zorlaya bilərlər!

The Thomson Reuters Foundation sorğular əsasında dünyanın qadınlar üçün ən təhlükəli ölkələrinin adlarını açıqlayıb.
Sputnik

BAKI, 28 iyun — Sputnik. The Thomson Reuters Foundation sorğular əsasında dünyanın qadınlar üçün ən təhlükəli ölkələrinin adlarını açıqlayıb.

Bu ölkələr arasında birinci yeri Hindistan tutub. Ondan sonra qadınlar üçün təhlükəli olan ölkələr belə sıralanır: Əfqanıstan, Suriya, Somali, Səudiyyə Ərəbistanı, Pakistan, Konqo Demokratik Respublikası, Yəmən, Nigeriya və ABŞ.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 7 il əvvələdək Hindistan bu reytinqdə 4-cü yeri tuturdu.

Hindistanın qadınlarla dost olmayan ölkələr siyahısında ilk yeri tutmasına səbəb bu ölkədə zərif cinsin nümayəndələrinə qarşı seksual zorakılıq riskinin yüksək olması və qadın əməyinin istismarıdır. Hindistanda qul əməyi günümüzdə də aktualdır. Onlar seks köləsi olmaqla yanaşı, həm də qul kimi istismar edilirlər. Bəzi əyalətlərdə qız uşaqları kiçik yaşlarından başqa ailələrə kölə kimi verilir. Bəzən ailə törətdiyi hansısa cinayətin bədəlini, yaxud da borclarını ödəmək üçün, eləcə də qan düşmənçiliyinə son qoymaq, yaxud da intiqam məqsədilə öz qızını qarşı tərəfə kölə kimi verməli olur.

Sözügedən hesabat iyunun 26-da The Thomson Reuters fondu tərəfindən açıqlanıb.

İki qıza təcavüz edib yandırdılar

Hesabatda bildirilir ki, qadınlara qarşı təhlükənin yüksək olması milli-mədəni ənənələrlə bağlıdır. Hindistanda tez-tez qadınların üzünü və digər orqanlarını kimyəvi turşu (kislota) ilə yandırmaq, qadınları sünnət etmək, cinsi orqanlarına xəsarət yetirmək, yaxud onları qəsdən eybəcər hala salmaq, uşaq nikahları və fiziki zorakılıq halları qeydə alınır. Hindistan 7 il əvvəl aparılan araşdırmalar zamanı da qadın hüquqlarının ən qəddarcasına pozulduğu ölkələrdən olub və olkə rəhbərliyinə bu barədə beynəxalq təşkilatlar tərəfindən xəbərdarlıq edilib. Lakin indiyədək heç bir tədbir görülməyib. Nəticədə Hindistanın anti-reytinqi 4-cü yerdən 1-ci yerə yüksəlib.

"Hindistan qadınların hüquqlarına tamamilə diqqət yetirməyib: zorlama, həmçinin nikahda olarkən qadınlara qarşı zorakılıq, cinsi hücumlar və təcavüz, qız uşaqlarının öldürülməsi halları azalmayıb" — deyə Thomson Reuters fonduna Hindistanın Karnataka ştatı hökumətinin məmuru Mancunat Qanqadxara (Manjunath Gangadhara) bildirib.

Qadınlara qarşı zorakılıq məsələsində Hindistanı məmnuniyyətlə təqib edən digər 9 ölkədə də (Əfqanıstan, Suriya, Somali, Səudiyyə Ərəbistanı, Pakistan, Konqo Demokratik Respublikası, Yəmən, Nigeriya və ABŞ) vəziyyət təqribən eynidir. MeToo hərəkatının məlumatına görə, Amerika qadınlara qarşı zorakılıq həddinin yüksək olduğu yeganə Qərb ölkəsidir. Bu ölkədə qadınlara qarşı şiddət 2017-ci ildə ortaya çıxan film sənayesində də yüksək səviyyədə əksini tapıb.

Sorğuda ölkələrin zorakılıq və diskriminasiya ilə bağlı başlıca problemlərini qiymətləndirən 550 qadın hüquqları üzrə ekspert iştirak edib.

Thomson Reuters fondu 1982-ci ildə ABŞ və Böyük Britaniyanın xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçib. Fond KİV-in inkişafı, qadın hüquqlarının müdafiəsi, korrupsiya ilə mübarizə və pulsuz hüquqi yardım göstərməklə məşğuldur.