Azərbaycanlı alim kosmik ölkənin baş naziri seçildi

BMT-dəyə üzv olmağı hədəfləyən "Asgardia"nın öz bayrağı və himni var
Sputnik

BAKI, 26 iyun — Sputnik. Azərbaycan əsilli alim İqor Aşurbəyli dünyanın ilk kosmik ölkəsi olan "Asgardia"nın baş naziri seçilib. And içərək fəaliyyət başlayan İqor Aşurbəyli bildirib ki, ilk hədəfi beş il içində bütün dünyaya internet yayımı edən peykləri yerləşdirmək olacaq. 

Sputnik Azərbaycan xəbər verir ki, ötən gün Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə çıxış edən Aşurbəyli bu hadisənin tarix kitablarına düşəcəyini deyib. O, həmçinin bütün nazirliklər və hökumət qurumlarının formalaşdırıldığını da bəyan edib.

Kosmosun tədqiqində inanılmaz addım - VİDEO

Yeni baş nazir, həmçinin 10-15 il içərisində kosmosa səyahət etmək üçün gəmilər hazırlamaq niyyətində olduqlarını, 25 il sonra isə Ayda yaşam üçün bir koloniya qurmağı planlaşdırdıqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, İgor Aşurbəylinin yaratdığı "Asgardia"nın adı Skandinaviya mifologiyasından götürülüb. Kosmik ölkə 12 oktyabr 2016-cı ildə Parisdə təqdim olunub. Onun hazırda 200-dən çox "vətəndaşı" var. BMT-dəyə üzv olmağı hədəfləyən "Asgardia" öz bayrağını və himnini də yaradıb.

Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. "Almaz-Antey" konstruktor bürosunun sabiq rəhbəri, texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan "S-300" və "S-400" raketlərinin istehsalı ilə məşhurlaşıb.