BAKI, 22 iyun — Sputnik. Moskvada "Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial proqramının altıncı mövsümü çərçivəsində Beynəlxalq Uşaq Forumu keçirilib. Proqramın altıncı mövsümdə dünyanın 211 ölkəsi və regionlarından uşaqlar qatılıb.
Forumda ümumiyyətlə 1500 uşaq və onları müşayiət edən şəxslər iştirak edib. Tədbirdə həmçinin gənc futbolçular, gənc jurnalistlər və gənc məşqçilər sifəti ilə əlilliyi olan qız və oğlanlar çıxış ediblər.
Tədbirin fəxri qonaqları arasında dövlətlərin yüksək vəzifəli nümayəndələri, futbol ulduzları, Olimpiya və Paralimpiya Oyunlarının çempionları, ictimai xadimlər, eləcə də Rusiyanın futbol üzrə gənclər yığmasının baş məşqçisi Aleksandr Kerjakov, Səudiyyə Ərəbistanının şahzadəsi, Futbol Federasiyaları Assosiasiyasının və Milli futbol yığmasının icraçı direktoru Abdulrahman Al-Sayyar, Rusiya baş nazirinin müavini Olqa Qolodets də olub. Salamlama nitqini dünyaca məşhur futbolçu, Portuqaliyanın "Portu" klubunun kapitanı və qapıçısı İker Kasilyas söyləyib: ""Dostluq üçün futbol" Beynəlxalq Uşaq Forumunda bütün dünyadan olan bu qədər xoşbəxt uşaqları və çoxsaylı xoşbəxt simaları görmək mənim üçün böyük xoşbəxtlikdir. Məni bu möhtəşəm hadisənin şahidi olmağa dəvət edənlərə minnətdarlığımı bildirmək istəyirəm. Çünki bu proqramın əsasını təşkil edən şeylər mənim həyatımda ən vacib olan şeylərdir: dostluq və futbol".
Rusiya baş nazirinin müavini Olqa Qolodets Rusiya prezidenti Vladimir Putinin Forum iştirakçılarına ünvanlanan təbrikini oxuyub.
Forumda uşaqların səsverməsi nəticəsində proqramın baş mükafatı olan "Doqquz dəyər" kubokunun qalibi elan edilib. Futbol üzrə dünya çempionatında iştirak edən Braziliya komandası proqrama qoşulmuş 32 milli yığmanın uşaq iştirakçıları tərəfindən "Doqquz dəyər"ə layiq görülüb. İlk lider üçlüyə Rusiya və Almaniya yığmaları da daxildir.
Forumda Hindistanlı 13 yaşlı Ananya Kombocun "My Journey from Mohali to St. Petersburg" kitabının təqdimatı keçirilib. Gənc müəllif bir il əvvəl iştirakçısı olduğu "Dostluq üçün futbol" layihəsindəki təəssüratlarını bölüşüb.
"Dostluq üçün futbol" proqramının altıncı mövsümündə birincilik uğrunda qələbəni "Chimpanzee" yığması əldə edib. Bu yığmanın tərkibi Dominik, Sen-Kits və Nevisa, Malavi, Kolumbiya, Benin və Konqo Demokratik Respublikasından olan uşaqlardan ibarətdir.
Qeyd edək ki, 2018-ci ildə "Dostluq üçün futbol" layihəsində Azərbaycanı gənc jurnalist Rəna Əliyeva və 12 yaşlı gənc qapıçı Conatan Ferqüson təmsil edib.
""Qazprom" İSC-nin himayədarlığı ilə "Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir.
Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir. Forumun iştirakçıları doqquz dəyəri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, şərəf, adət-ənənə və dürüstlüyü təbliğ edir.
Proqramda gənc futbolçular (qızlar və oğlanlar, hətta fiziki qüsurlu gənclər), "Dostluq üçün futbol" Uşaq Mətbuat Mərkəzi çərçivəsində gənc jurnalistlər iştirak edir. Son 5 il ərzində proqramda 3,7 mindən çox uşaq iştirak edib. "Dostluq üçün futbol" layihəsi çərçivəsində minlərlə uşaq və yeniyetmə yoldaşlıq oyunları, açıq məşqlər, fleşmob və idman şənliklərində iştirak edirlər. Həmin gün bərabərlik, digər xalqların mədəniyyətlərinə hörmət, əmin-amanlıq şəraitində yaşamaq kimi insani dəyərləri qiymətləndirənlər qollarına göy-yaşıl qolbaq taxır. Göy rəng – aydın səmanı, yaşıl isə — hər kəs üçün əlçatan olan futbol meydançasını simvolizə edir. Dünyanın bir çox ölkələrindən olan aparıcılar, jurnalistlər, artistlər iştirakçıları dəstəkləyir.
Sputnik Azərbaycan "Dostluq üçün futbol" layihəsinin informasiya tərəfdaşıdır.