MƏDƏNİYYƏT

Azərbaycanda hər kəs onu yer üzündə gəzən Venera planeti zənn edir

Bir aktyoru bir həftə ərzində bir serialda, iki şou proqramda, bir maqazin verilişində, bir teatr tamaşasında görə bilirik və həmin aktyor bunların çoxunda, bəzən də hamısında eyni geyimdə olur
Sputnik

BAKI, 20 iyun — Sputnik. Azərbaycanda "xalq artisti", "xalq şairi", "xalq yazıçısı" və "xalq rəssamı" fəxri adlarına layiq görülən şəxslər 50 manat, "əməkdar incəsənət xadimi", "əməkdar elm xadimi", "əməkdar mədəniyyət işçisi", "əməkdar artist", "əməkdar rəssam", "əməkdar memar", "əməkdar həkim", "əməkdar müəllim", "əməkdar mühəndis", "əməkdar jurnalist" və başqa fəxri adlara layiq görülmüş şəxslər isə 30 manat məbləğində təqaüd alır.

Şair kimdir? Şeir nədir?

Sənətdə əməyi olan şəxslər əgər çəkdikləri zəhmət müqabilində "əməkdar incəsənət xadimi", "əməkdar elm xadimi", "əməkdar mədəniyyət işçisi", "əməkdar artist", "əməkdar rəssam" adlarına layiq görülüblərsə, heç olmazsa, bu əməyə layiq də maddi qazancları olmalıdır ki, yeni sənət nümunələri yaratmaq üçün imkanları, həvəsləri və rifahları olsun. Fəxri adla və 30 manat aylıq gəlirlə bir aktyoru, aktrisanı, rejissoru bu mədəniyyətə sağlam yaradıcı şəxs kimi bəxş etmək mümkün deyil. 30 manat bir qış ayında keçirilən adı soyuqdəymənin müalicəsinə kifayət etməz.

Bu xalqın artisti, şairi, yazıçısı, rəssamı öz peşəsindən nə qədər gəlir əldə bilir? Müğənnilər və bəstəkarlar istisna olmaqla, xalq artistlərindən aktyorlar, aktrisalar, rejissorlar aşağı məbləğli teatr maaşı, kino və serial məvacibi ilə özlərinin məişət həyatını düz-əməlli idarə edə bilmirlər.

Bir aktyoru bir həftə ərzində bir serialda, iki şou proqramda, bir maqazin verilişində, bir teatr tamaşasında görə bilirik və həmin aktyor bunların çoxunda, bəzən də hamısında eyni geyimdə olur. Adı üstündə olan bu əməkdar artistlər, sənətdə zəhmət çəkmiş şəxslər ifa etdikləri obrazlarda, qatıldıqları verilişlərdə kostyumlarını dəyişəcək qədər maddi imkana sahib deyillərsə, onlardan hansı böyük yaradıcılığı, yeni sənət tapıntılarını, improvizasiyaları gözləyə bilərikmi?

Bir şair, yazıçı ən yaxşı halda şeirlərinə bəstələnən musiqilərdən, əsərlərinə çəkilən film və seriallardan pul qazana bilir, o da əgər həyata keçərsə, iş peşəkarlara həvalə olunarsa. Kitab satışı isə məlum mühitdə müzakirə mövzusu belə olmadığı üçün, bir ədəbiyyat adamının kitab satışından pul qazandığını düşünmək absurd olar.

Məgər fəxri ad alan bir yazıçı, şair 50 manatla kitab çap etdirə bilər? Yoxsa yeni əsər mövzusu ilə bağlı araşdırma aparmaq üçün hansısa tarixi məkanlara, qədim şəhərlərə getmək mümkündür? Heç təbiət qoynunda inzivaya çəkilmək də mümkün deyil.

Qonorarını ala bilməyən Xalq artisti səhnədə dava saldı

Birinə əməkdar artist, xalq artisti dedikdə ekran qarşısında oturan milyonların ağlından neçə-neçə villalar, neçə-neçə maşınlar, köməkçilər, xidmətçilər, sürücülər, mühafizəçilər keçir. Bu adlar o qədər ehtişamlı səsləndirilir ki, eşidənlər ad sahibini yer üzündə gəzən dan ulduzu, yəni Venara planeti zənn edirlər. Lakin bu sənət adamına adını verdiyimiz xalqa məlum olsun ki, onların artisti bu ada görə ayda cəmi 50 manat qazana bilir və belə olan halda öz artistinizi qırmızı xalıda Oskar almağa gedərkən təsəvvür etməyin.

Yanlış anlaşılmasın. Həqiqi sənət adamı maddi təmənnalara görə sənətdən imtina etmir. Elə olsaydı, bu gün Azərbaycan teatrlarında 150-200 manata çalışan yüzlərlə aktyor-aktrisamız, hər gün bir portalda şeirləri, yazıları dərc olunan, kitabları çapdan çıxan şairlərimiz, yazıçılarımız olmazdı. Amma bu maddi yoxsulluq sənət adamını daha böyük uğurlara imza atmaqdan, yeni-yeni yaradıcı fikirləri həyata keçirməkdən məhrum edir.