RUSİYA

DÇ-2018: "Qara oğlanlar"ın əzmkar qələbəsi

Oyun 2:1 hesabı ilə Seneqal yığmasının xeyrinə başa çatıb
Sputnik

BAKI, 19 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatının H qrupunda növbəti görüş baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, çempionatın ən stabil komandalarından sayılan Polşa millisi Seneqal millisi ilə qarşılaşıb.

Tərkibində Robert Levandovski kimi dünya şöhrətli futbolçu olan Polşa yığması Afrika təmsilçisinin əlində aciz qalıb. İlk dəqiqələrdən Rusiyaya statistika xətrinə gəlmədiyini nümayiş etdirən Seneqal yığması kifayət qədər stabil oyun nümayiş etdirib. Oyunda hesab 37-ci dəqiqədə açılıb. Afrikalı oyunçunun zərbəsindən sonra top Polşa yığmasının Tyaqo Rangel Tsionekin ayağına dəyərək qapıya girib və avtoqol qeydə alınıb.

60-cı dəqiqədə isə Seneqalın oyunçusu Mbaye Nyanq özü fərqlənib. O, qapıçı və müdafiəçinin kobud səhvindən istifadə edərək topu qapıya yönəldib.

87-ci dəqiqədə Polşa yığmasının oyunçusu Qjeqoj Krıxovyak baş zərbəsi ilə qapılarına vurulan qollardan birinin əvəzini çıxıb. Amma polşalılar bundan artığını edə bilməyiblər. Oyun 2:1 hesabı ilə Seneqal yığmasının xeyrinə başa çatıb.

Qeyd edək ki, H qrupunda ilk oyunda Yaponiya yığması Kolumbiya millisinə 2:1 hesabı ilə qalib gəlib.