RUSİYA

DÇ-2018: Rusiya tarixində ilk dəfə 1/8 finalda

Bu qələbə Rusiyaya tarixində ilk dəfə növbəti mərhələyə keçmək imkanı yaradıb
Sputnik

BAKI, 20 iyun — Sputnik. Futbol üzrə dünya çempionatında ilk 1/8 finalçı məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, çempionatın ev sahibi Rusiya millisi A qrupunda ikinci oyunda da qalib gələrək növbəti mərhələyə yüksəlib.

Rusiya yığması bu dəfə Məhəmməd Salahın başçılıq etdiyi Misir yığmasına qalib gəlib. Hesab 47-ci dəqiqədə açılıb. Misir yığmasının kapitanı Əhməd Fəthi topu öz qapılarına yönəldərək, avtoqola imza atıb.

Növbəti qol 59-cu dəqiqədə gəlib. Mario Fernandesin ötürməsindən sonra Denis Çerışev qapıya dəqiq zərbə vurub. Üstündən cəmi 3 dəqiqə sonra Artyom Dzyuba növbəti qolu misirlilərin qapısından keçirib.

Oyunun 73-cü dəqiqəsində Misir yığması qollardan birinin əvəzini çıxıb. Məhəmməd Salah penalti zərbəsi ilə çempionatda ilk dəfə Rsuiyanın qapısından qol keçirib.

Bu qələbə Rusiyaya tarixində ilk dəfə növbəti mərhələyə keçmək imkanı yaradıb. Misir yığması isə qrup mərhələsini adlamaq şansını itirib.

Xatırladaq ki, Rusiya birinci oyunda Səudiyyə Ərəbistanına 5:0 hesabı ilə qalib gəlib. Misir isə ilk oyunda Uruqvaya 0:1 hesabı ilə məğlub olub.