CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şiddətli külək bu dəfə ölkəmizin turizm cənnətini vurdu

Qasırğa nəticəsində bölgədəki bir sıra meşəliklərdə, eləcə də açıq vadilərdə ağaclar yıxılıb
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Qəbələ təbii fəlakətlə üzləşib. Dünən axşam saatlarında  bölgədə güclü külək başlayıb, şimşək çaxıb, leysan yağışlar yağıb. Qasırğa nəticəsində bölgədəki bir sıra meşəliklərdə, eləcə də açıq vadilərdə ağaclar yıxılıb, evlərin, tövlələrin, obyektlərin pəncərələri qırılıb, dam örtükləri uçub, körpülər dağılıb. 

Təbii fəlakət dəmir yolunu da vurdu: Balakən-Bakı qatarı Zaqatalada qaldı
 

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, elektrik xətlərinin qırılması nəticəsində bölgəyə elektrik verilişində fasilə yaranıb. Rayon mərkəzi ilə kəndlər arasında  stasionar telefon əlaqəsi və internet xətləri kəsilib, mobil telefon rabitəsi zəifləyib. Bölgənin bir sıra çaylarında, çaylarının vadisində daşqınlar müşahidə edilib. Yağan yağış və əsən külək fərdi təsərrüfatlara da ciddi ziyan vurub. Xüsusilə ağaclar və dam örtüklərinə ciddi ziyan dəyib. Əhalinin biçin mərhələsində olan, lakin texnika çatışmazlığı səbəbindən biçilməmiş qalan arpa və buğdası tamamilə yerə yataraq palçığa qarışıb. Lokal sel suları və çay yataqlarında baş verən daşqınlar əhalinin mal-qarasına, toyuq-cücəsinə və bostanlara zərər vurub. 

Təbii fəlakətdən Oğuz rayonu xüsusilə ziyan çəkib. Rayonun bir sıra kəndlərində yıxılan ağaclar həyətlərdəki avtomobillərə və tikililərə zərər vurub. Bölgənin dağlıq ərazilərini də ildırım vurub. Dağlardakı ağacların bir çoxu külək nəticəsində yıxılıb, bir sıra ağaclara isə ildırım düşüb. Hazırda dağlarda olan qoyun sürülərinə və çobanlara xələl gəlib-gəlmədiyi araşdırılır.mBölgə əhalisi təbii fəlakətin bir anda, gözlənilmədən baş verdiyini, bu səbəbdən də onlara qorxulu anlar yaşatdığını bildiriblər. Bölgə əhalisini narahat edən əsas səbəblərdən biri də belə günlərdə elektrikin kəsilməsi və bəzən bir neçə gün bərpa edilməməsidir.