CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə gündəmi silkələndi, yenə yaralı yerimiz göynədi

Maraqlıdır, öz övladı olsa belə, körpəni bu tərzdə tənbeh edən valideynə, qadına uşaq etibar etmək olarmı?
Sputnik

Rumiyyə Miraslan, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. Uşaq bağçalarında körpələrin döyülməsi, tərbiyəçilərin uşaqlarla kobud rəftarı barədə tez-tez sosial mediada xəbərlər, video materiallar yayımlanır. Övladlarını bağçalara verməyə məcbur qalan valideynlər isə, bu kimi xoşagəlməz hallardan xilas olmaq üçün müxtəlif çıxış yolları axtarırlar.

Həmin çarələrdən biri kimi də dövlət hesabına deyil, özəl bağçaları tərcih etməyi görürlər. Ümid edirlər ki, özəl bağçalara etibar etsələr, övladlarının təhlükəsizliyini təmin etmiş olarlar.

Spuntik Azərbaycan xəbər verir ki, bu gün sosial şəbəkələrdə yayılmış bir görüntü bu fikri tamamilə alt-üst etdi. Bakıda özəl bağçaların birində qeydə alınmış videodan görünür ki, sən demə, "pullu" bağçalar heç də vəziyyətdən çıxış yolu deyil. 

Belə ki, görüntlərin qeyd edildiyi bağçanın tərbiyəçiləri uşaqlarla məhkum kimi davranırlar. Videonun əvvəlində müəllimlərdən birinin bir qızcığazın qolundan tutub möhkəm silkələdiyi və bunu dəfələrlə təkrar etdiyi qeydə alınıb. Bu azmış kimi, o, uşağın bədəninin müxtəlif nahiyələrinə, həmçinin də başına, üzünə zərbələr endirir.

Videonun irəliləyən dəqiqələrini izlədikcə isə, adamı daha çox dəhşət bürüyür. Sən demə, tək o müəllim yox, bağçadakı digər tərbiyəçilər də uşaqlara qarşı zorakılıq tətbiq edirlər. Video səssiz olduğu üçün müəllimlərin danışığı eşidilməsə də, onların körpələri döyməklə yanaşı, təhqir etdikləri də ehtimal olunur.

Normal insanın bu görüntüləri heç nə olmayıbmış kimi izləməsi mümkün deyil. Çünki valideynlərin övladlarını əmanət etdiyi müəllimlər daha çox döyüş filmlərinin qəhrəmanlarını, körpələr isə boksçuların döyəclədiyi qum torbalarını xatırladır.

Təəssüflər olsun ki, bağça rəhbərliyi və aidiyyatı qurumlar isə bu hadisəyə heç nə olmayıbmış kimi yanaşır. Videonun qeydə alındığı "Kids Studio" adlanan uşaq bağçasından uşaqların döyülmə faktını inkar edirlər. Gücünü körpələr üzərində sınaqdan keçirən müəllimlərdən birinin adının Firuzə olduğu məlum olsa da, təəssüf ki, onlar barəsində heç bir ciddi tədbir görülməyib.

Adıçəkilən müəllim, "Bu uşaq mənim öz uşağımdır və sadəcə, tənbeh etmişəm. Xəbərdə qeyd olunduğu kimi hallar olmayıb", — deyərək özünə bəraət qazandırmağa belə çalışıb.

Maraqlıdır, öz övladı olsa belə, körpəni bu tərzdə tənbeh edən valideynə, qadına uşaq etibar etmək olarmı? Ümid edirik ki, səlahiyyətli şəxslər, aidiyyatı qurumlar bu sualın cavabını araşdıracaq və gərəkən tədbiri görəcəklər.

Təəssüflər olsun ki, tələbimizdən növbəti bir sual yaranır: “Hansı aidiyyatı qurumlar?”. Bildiyimiz kimi, uşaq bağçaları 2011-ci ilədək Təhsil Nazirliyinin balansında olub, ancaq həmin il paytaxt bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH), rayonlar üzrə isə yerli icra hakimiyyətlərinin tabeliyinə verilib.

Bu müddət ərzində isə icra hakimiyyətlərinin bağçalara nəzarəti heç də özünü doğrultmadı. Mütəxəssislər, həmçinin valideynlər bu yerdəyişmənin problemlərin həllinə heç bir fayda vermədiyini, əksinə, neqativ halların baş verdiyini bildirdilər. Uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklifləri irəli sürüldü.

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb?

Bu yaxınlarda isə bu məsələ ölkənin Ombudsmanı tərəfindən bir daha gündəmə gətirildi. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova uşaq bağçalarının icra hakimiyyətlərinin balansından çıxarılıb, yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab etdiyini bildirdi.

Baş vermiş xoşagəlməz hadisə onu deməyə əsas verir ki,  E.Süleymanovanın uşaq bağçaları ilə təklifi barədə bir daha ciddi düşünmək lazımdır. Uşaqların təlim, tərbiyə müəssisləri də təhsillə birləşdirilib, vahid bir qurum tərəfindən nəzarətə götürülməlidir.

Özəl bağçalara gəldikdə, təbii ki, bu tip tərbiyə müəssisələrinin hansısa rəsmi quruma tabeçiliyi müzakirə mövzusu deyil. Lakin həmin özəl bağçalara lisenziyanı yenə rəsmi qurum — icra hakimiyyətləri verir. Məsələnin bu tərəfi də düşünmək üçün əsaslar yaradır…