İDMAN

Taekvando Federasiyasında maaş etirazı: Aylardır pul almırıq

"Sadəcə, istəyimiz odu ki, federasiya prezidentinə məlumat çatsın"
Sputnik

BAKI, 10 iyun — Sputnik. Son vaxtlar bəzi idman federasiyalarında məşqçi və müəllimlərin maaşı problemı yaranıb. Hətta bu federasiyalarda etiraz aksiyalarının da şahidi olmuşuq.

Bu dəfə Azərbaycan Taekvando Federasiyasının müəllimləri aksiya keçiriblər. Sputnik Azərbaycan xəbər verir ki, illərdir federasiyada işləyən müəllimlər səslərini çatdırmaq üçün media vasitəsi ilə müraciət ediblər. Onlar bildiriblər ki, keçən ilin avqustundan maaş almırlar: "İyulun ayının maaşını fevralda almışıq. Son 8 ayın maaşını isə almamışıq. Bu yubanmanın səbəbini heç birimiz bilmirik. Bizə konkret bir şey deyilmir. Gah deyirlər maaşlar olacaq, gah da deyirlər olmayacaq. 90 məşqçi 150-500 manat aralığında maaş alırlar. Ancaq biz icarəyə götürülən zallara görə ödəniş edirik. Eləsi müəllim var ki, 6-7 aylıq borca görə zalı bağlanıb. Bizə hər dəfə 10 gündən sonra maaş veriləcəyini deyirlər. ATF-nin vitse-prezidenti Nağı Səfərov hər dəfə bizi arxayın edir. 

Lənkəran Taekvondo və Yunan-roma güləş məktəblərinin 22 illiyi qeyd edilib
Desək ki, federasiyaya heç pul ayrılmır, doğru olmaz. Yarışlara komandanı göndərirlər. 90 məşqçinin ümumi aylıq maaşı 30 min manat edirsə, 2 legionerin və ya baş məşqçinin əmək haqqı 12 min dollardır. Bu da bizə pis təsir edir. Onlar maaş alırlar. Amma yığmaya Olimpiada iştirakçısı, dünya və Avropa medalçısı bəxş edən mütəxəssislər var ki, aylardı maaşa həsrət qalıb. Biz heç də kənara atılası məşqçilər deyilik. Ölkədə taekvondonu yaradanlar pulsuz qalıb, sonradan gələnlər isə pul alır. Federasiyada pul yoxdursa, əlavə legioner niyə gətirilir?"

Müəllimlər başqa mövzuya da toxundular. Onlar iddia edir ki, milli komandaya İrandan heç kimə lazım olmayan qadın taekvondoçular gətiriblər: "Onlar da Avropa çempionatının elə ilk mərhələsində uduzdular. Legionerlərə 40 müəllimin pulunu verirlər. Sözümüzü federasiya prezidentinə çatdıran yoxdur". Müəllimlər aksiya zamanı onu da qeyd ediblər ki, federasiya prezidenti Kəmaləddin Heydərov taekvondonun inkişafında böyük işlər görüb: "O, 17 ildir taekvondo idman növünün inkişafı üçün əlindən gələni edir. Federasiyanın maddi-texniki bazası əla vəziyyətdədir. Ancaq vitse-prezident Nağı Səfərov hər dəfə bir bəhanə ilə maaşların verilməsini gecikdirir. Biz də onun sözünə inana-inana bu qədər vaxt keçdi. Yığma üzvlərinin və məşqçilərinin maaşı bu yaxında verildi. Biz də bu qənaətə gəldik ki, onlara pul verilir, bizə verilmirsə, deməli, maaşlarımız kəsilib. Amma bununla bağlı bizə konkret bir şey deyilməyib. Gözləməyi məsləhət görürlər, vəssalam. Maaş almayan məşqçilərin orta maaşı 300 manatdır. Uşaqları taekvondoya cəlb etmək üçün çox güzəştlər edirik. Pulsuz məşqlər keçirik. Aldığımız 5-10 manatdan da zalını icarə haqqını ödəyirik. Avadanlıqları da özümüz alırıq. Bundan sonra nə edək? Əlimizdən başqa nə iş gəlir? Başqa gəlir sahəmiz də yoxdur".

Məşqçilər iddia edir ki, iki legioner idmançı və baş məşqçinin aylıq pulu 90 məşqçinin ümumi maaşına bərabərdir.

"Bir idmançını yetişdirmək illər tələb edir. Ömrümüzü buna sərf edirik. Bütün bunların qarşılığında verilən dəyər belə olmamalıdır. Regionlarda elə məşqçilər var ki, zallarının pəncərəsi, istilik sistemi yoxdur. İldə bir dəfə məşqçiləri yığıb, problemləriylə maraqlanırdılar. Artıq bu da yoxdur. Kəmaləddin Heydərov burda nə baş verdiyindən xəbərsizdir. Bizim də məqsədimiz odur ki, problemimizi rəhbərlik bilsin" — deyə müəllimlər giley edirlər.

Taekvando Federasiyasının müəllimlərinin etiraz aksiyası

Məşqçilərdən biri deyir ki, onlara olimpiadada medal qazansalar hər şeyin yaxşı olacağı barədə söz veriblər, onlar da seviniblər. Amma Radik İsayev olimpiya çempionu olub, Milad Beiqi Harçeqani və Patimat Abakarova Olimpiadada bürünc medal qazanıblar, heç nə dəyişməyib: "Sevindik, amma sevincimiz uzun sürmədi, əksinə medal qazanmağımız biz məşqçilərin burnundan gəldi. Bizə dedilər ki, vəziyyətimiz daha da pisləşib, çünki xərcimiz artıb. Radikin maaşı qaldırıldı. Onun pulunu bizdən çıxartdılar. Məqsədləri odur ki, legionerlərlə işləsinlər".

"Hakimlərə də baxan yoxdur. Beynəlxalq hakim olsaq da, bir yarışa da gedə bilmirik. Özlərinə lazım olan adamları isə pul tapıb göndərirlər. Yarışdan dəvət gəlir, deyirlər ki, pulun varsa get. Ölkə xaricində idarəçilik etməliyik ki, ölkədə hakimliyin səviyyəsi yüksəlsin. Amma belə olmayanda yerli yarışların da idarəçiliyi istənilən səviyyədə olmur. Cəmi 1 nəfər yarışlara gedir. O da heç Bakıya gəlmir. Biz ölmüşük ki, ölkəmizi başqası təmsil etsin?" — deyə müəllimlər hakimlərə olan münasibətdən də narazılıq edirlər.

"Taekvondo ailəsi həmişə öndə olub. Sadəcə, istəyimiz odu ki, federasiya prezidentinə məlumat çatsın. Ölkədə iqtisadi böhran yaşanan 2015-2016-cı illərdə də maaş problemi yaşamamışıq. Ümid edirik ki, səsimizi eşidəcəklər və bu problem öz həllini tapacaq"- məşqçilər bildirilər.