CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orada insanlardan küsən heyvanların fəryadı ürək dağlayır

Heyvanların yuvalarının çirkli olması və üfunət iyi verməsi istirahət adı ilə bura gələnlərin başlarını ağrıdırdı
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 10 iyun — Sputnik. Havalar isinən kimi insanlar istirahət etməyə başlayır. Xüsusilə ağır keçən iş günlərinin stressini çıxarmaq və ailəsi ilə vaxt keçirmək üçün şəhər sakinləri həftə sonları parklara və istirahət zonalarına üz tuturlar. Paytaxt Bakıda dincəlmək və uşaqlı-böyüklü əylənmək üçün nəzərdə tutulmuş məkanlardan biri də Bakı Zooloji Parkıdır (zoopark).

Açığını deyim ki, son dəfə zooparkda iki il əvvəl olmuşdum. Həmin vaxtlardan indiyədək mətbuatda dəfələrlə zooparkla bağlı müsbət xəbərlərə rast gəlmişəm. 

Bu heyvan özünü insan kimi aparır - FOTO-VİDEO
Hətta Bakı Zooloji Parkın direktoru Azər Hüseynov müsahibələrinin birində demişdi ki, zooparkda heyvanlara xüsusi qayğı göstərilir, heyvan növlərinin sayı günü-gündən artır. Bu günlərdə qərara gəldim ki, uşağı da götürüb Bakı Zooloji Parkına gedək. Ümid edirdim ki, zooparkdakı yenilikləri, yeni heyvan növlərini görmək həm mənim üçün xoş olacaq, həm də uşaq üçün, könlümüz açılacaq.

Təəssüflər olsun ki, elə zooparkın kandarındaca əhvalımız korlandı. Bakı Zooloji Parkının qarşısındakı avtomobil dayanacağının kiçik olduğuna görə maşın saxlamaq üçün yer axtarmaq problemi ilə üzləşdik. Bakıda yeganə olan zooparkın qarşısında avtomobil sürücüləri boş yer üstündə, sözün əsl mənasında, mübarizə aparırdılar. Hətta boş yer tapan kimi avtomobillərini park etmək üçün yolun düz ortasında dayananlar da var idi. Bu da yolda avtomobil sıxlığının yaranmasına səbəb olmuşdu.

Avtomobil problemini həll etdikdən sonra zooparka giriş üçün bilet almağa görə hələ də kiril hərfləri ilə "kacca" (kassa) sözü yazılmış pəncərəyə yaxınlaşdıq. Biletin qiyməti böyüklər üçün 2 manat, uşaqlar üçün isə 1 manat nəzərdə tutulub. Biz də dörd manat verib iki nəfər üçün bilet alaraq çox balaca qapıdan içəriyə daxil olduq (uşaq 2 yaşına çatmadığına görə ona bilet pulsuzdur).

1 / 16
Bakı zooparkından reportaj
2 / 16
Bakı zooparkından reportaj
3 / 16
Bakı zooparkından reportaj
4 / 16
Bakı zooparkından reportaj
5 / 16
Bakı zooparkından reportaj
6 / 16
Bakı zooparkından reportaj
7 / 16
Bakı zooparkından reportaj
8 / 16
Bakı zooparkından reportaj
9 / 16
Bakı zooparkından reportaj
10 / 16
Bakı zooparkından reportaj
11 / 16
Bakı zooparkından reportaj
12 / 16
Bakı zooparkından reportaj
13 / 16
Bakı zooparkından reportaj
14 / 16
Bakı zooparkından reportaj
15 / 16
Bakı zooparkından reportaj
16 / 16
Bakı zooparkından reportaj

Yaxşı yadımdadır, atam məni ilk dəfə zooparka gətirəndə 3 yaşım olardı. Həmin vaxt da zooparka məhz bu balaca qapıdan daxil olmuşduq. Bir zaman atamın əlindən tutub girdiyim bu qapıdan indi öz övladımla bərabər girirəm. İllər keçsə də, həm biz, həm də şəhərimiz dəyişsə də, zooparkın o balaca qapısı olduğu kimi qalıb. Allah bilir, bundan sonra da hələ neçə il qalacaq, neçə nəsli qarşılayıb, yola salacaq.

Qeyd edim ki, illər öncə ilk dəfə gördüyüm zooparkda dəyişməyən təkcə giriş qapısı deyil. 27 il ərzində burada heç nə dəyişməyib desəm, daha doğru olar. İki il öncə gəldiyim zaman gördüyüm heyvanlar yenə də öz yuvalarından acizanə, əzilmiş, təhqir olunmuş şəkildə insanlara baxır. Şiri görəndə zoopark rəhbərliyinin dediyi "şir ayda 400 manatlıq ət yeyir" fikri yadıma düşdü. Dərhal beynimdə sual yarandı ki, 400 manatlıq ət yeyən şir niyə arıq və xəstə görkəmdə olsun?

Hələ canavarların görkəmini demirəm. Tükləri tökülmüş, arıqlıqdan ev pişiyi boyda qalan canavarlar zooparkın hansı vəziyyətdə olduğunun əyani göstəricisidir. Heyvanların yuvalarının çirkli vəziyyətdə olması və üfunət qoxusu verməsi istirahət adı ilə bu məkana gələnlərə ancaq başağrısı verir.

İnsanlar zooparkdakı vəziyyəti görüb bu məkandan küsürlər, sanki. Buradakı heyvanların əksəriyyəti isə həyatdan küsüb. Hətta meymun kimi şən heyvan yuvasının dərinliyində üzünü divara çevirib, həyatdan küskün vəziyyətdə durub. Hələ arxasını insanlara çevirib, hərəkətləri ilə zooparka gələn insanlardan bezdiklərini nümayiş etdirən ayını, şiri, qartalı demirəm. Üzlərindən məhkumluq yağan heyvanlar, elə bil ki, gələn insanlara baxışları ilə "bizi bu bəladan qurtarın" deyir.

İt bilib aldı, amma başqa heyvan çıxdı

Sürünənlərin və suda-quruda yaşayanların vəziyyəti isə xüsusilə dəhşətli idi. Şüşənin çirkindən heyvanların hansı rəngdə olması seçilmirdi. Çox güman ki, qəfəslər axırıncı dəfə sovet dövründə təmizlənib. Timsahın saxlanıldığı su isə Amazondakı bataqlıqlardan daha çirkli idi. Timsah iyrəndiyindən quruda qalmışdı, o suya baş vurmurdu. Qəfəslərin çox hissəsi isə, ümumiyyətlə boş idi…

Zooparkda diqqətimi çəkən məqamlardan biri də ev heyvanlarının çoxluq təşkil etməsi oldu. Sanki kənd həyatına düşmüşdük. Qoyun, quzu, keçi, ördək, qaz, müxtəlif növdə toyuq ilə dolu olan zooparka insanlar niyə gəlsin ki? İstənilən şəxs elə Bakının kəndlərində bu heyvanları görə bilər. Üstəlik zooparka giriş üçün ödədiyi pul da cibinə qalar.

Böyük zövq alacağım ümidi ilə gəldiyim Bakı Zooloji Parkından ümidlərim suya düşmüş halda ayrılıram. Böyük təəssüf hissi ilə, rus dilində "Выход", həmçinin kiril əlifbası ilə "Чыхыш" (çıxış) sözləri yazılmış qapıdan çıxıb evə qayıdırıq.