Başıbəlalı bölgənin əhalisi səhəri diri gözlə açıb - Hadisə yerindən

"Sanki təbiət bizə vaxtaşırı adrenalin yaşatmaq istəyir, onsuz da gələn sel əlimizdə-ovcumuzda nə vardı, aldı apardı"
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. İyunun 5-də Respublikanın Şimal-Qərb bölgəsində baş vermiş zəlzələ bölgə sakinlərində ciddi təşviş yaradıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri zəlzələnin hiss olunduğu rayonlarda olaraq sakinlərlə söhbətləşib, zəlzələdən sonrakı mənzərəni müşahidə edib.

Şimal-qərb bölgəsində nələr baş verib: Sakinlər yaşadıqları vahiməni anladırlar

Sözügedən təbiət hadisəsi Balakən rayon sakinlərini əməlli-başlı vahiməyə salıb. Rayonun Katex kənd sakini Nurmuhuma Helavasov hadisəni belə nəql edib: "84 yaşım var. Bu yaşıma qədər neçə-neçə zəlzələ görmüşəm. Amma bu dəfəki kimisini görməmişdim. Yaman qorxduq. Həyəcandan qan təzyiqim qalxdı. Evimizə də ziyan dəyib, divarları yerbəyerdən çatlayıb".

Adıçəkilən rayonun Tülü kənd sakini Ofeliya Zərgərova isə deyib ki, həmin gün qorxudan əksər insanların şəkəri və qan təzyiqi yüksəlib: "Zəlzələ daha çox rayonun mərkəzində — 5 mərtəbəli bina olan yerdə hiss olunub. O binada yaşayanlar deyirlər ki, səhərə qədər həyətdə gözləyiblər. Kəndimizdə də bəzi tikililərə ziyan dəyib".

"Zəlzələ təkcə yaşayış yerlərinə yox, rayonumuzdakı tarixi abidələrə də təsir edib. Bir neçə alban abidəsi çatlayıb. Onsuz da buradakı abidələr baxımsız durumdadır. Bu silkələnmədə çatlar daha da artıb. Allah göstərməsin, bir də belə bir hadisə təkrarlansa, tarixi abidələrimizi ancaq fotolarda və videolarda görə biləcəyik", — O.Zərgərova əlavə edib.

Yeraltı təkanın ən çox hiss olunduğu bölgə isə Zaqatala olub. Haqqında danışdığımız rayonun Göyəm kənd sakini, 63 yaşlı Sultan Qandaxov zəlzələ zamanı yaşadığı stressdən dünyasını dəyişib.

Mərhumun oğlu Ramin Qandaxov deyib ki, atası zəlzələ zamanı güclü stress keçirib: "Zəlzələ o qədər güclü idi ki, hamımız həyəcandan özümüzü itirdik. Atamın da ürəyi zəif idi. Zəlzələ baş verən zaman o, çox həyəcanlandı. Bizimlə birlikdə pilləkənlərdən düşəndə infarkt keçirdi. Hadisədən bir qədər sonra atam dünyasını dəyişdi".

Sözügedən rayonun Höytala kənd sakinləri də həmin gecəni təlaş içində keçiriblər. Höytalalı Kərəm İmranov qeyd edib ki, zəlzələ güclü hiss olunub: "Kəndimiz başıbəlalıdır. Sel də gələndə ən çox bu kəndə ziyan vurur. Selin yaratdığı həyəcan bitməmiş zəlzələ gəldi. Sanki təbiət bizə vaxtaşırı adrenalin yaşatmaq istəyir. Onsuz da gələn sel əlimizdə-ovcumuzda nə vardı, aldı apardı".

1 / 8
Zəlzələnin törətdiyi fəsadlar
2 / 8
Zəlzələnin törətdiyi fəsadlar
3 / 8
Zəlzələnin törətdiyi fəsadlar
4 / 8
Zəlzələnin törətdiyi fəsadlar
5 / 8
Zəlzələnin törətdiyi fəsadlar
6 / 8
Zəlzələnin törətdiyi fəsadlar
7 / 8
Zəlzələnin törətdiyi fəsadlar
8 / 8
Zəlzələnin törətdiyi fəsadlar

Kənd sakini evlərə və kənd təsərrüfatına ciddi ziyan dəydiyini də qeyd edib: "Kəndimizdə bəzi yardımçı tikililər yıxılıb, evlərin damları çöküb, divarları çatlayıb. Kəndimizin elektrik xəttləri sıradan çıxıb. Bizim də evimizdə çatlar əmələ gəlib. Tövləmizin üstü çöküb. Toyuq —cücənin üzərinə şifer düşüb, heyvanlar ölüb",

Zəlzələnin daha çox hiss olunduğu bölgələrdən biri də Qax rayonunun Güllük kəndidir. Zəlzələ bu kəndin sakinlərinə də ciddi ziyan vurub. Baş vermiş yeraltı təkan kənd sakini Fənurə İsayevaya məxsus marketin altını üstünə çevirib.

Zəlzələ zamanı hamıya lazım ola biləcək QAYDALAR

Market sahibi artıq ikinci dəfədir ki, ona zəlzələdən ziyan dəydiyini bildirib: "İşdən yenicə evə getmişdim. Bir də gördüm ki, evin üstündən səslər gəlir. Sonra elektriklər kəsildi. Biz tez həyətə düşdük. Zəlzələdən sonra marketə gəldim. Bir az əvvəl qoyub getdiyim marketi tanımadım. Sanki müharibə olub. Dəhşətli mənzərə idi. Marketdəki ərzaqlar, yağlar, şampunlar, içki şüşələri və s. dağılıb, yararsız hala düşüb. Malları şirkətlərdən, firmalardan nisyə götürmüşdük. İlk dəfə zəlzələ olandan sonra marketi yenidən tikmişdik."

Xatırladaq ki, sözügedən kənddə anoloji hadisə 2012-ci ildə də baş verib.

Kənd sakini Mənəf Namazov da deyib ki, həmkəndliləri ilə birlikdə səhəri diri gözlə açıblar: "Kənddə həyəcan içində yaşayırıq. Səhərə qədər yatmadıq. Qorxduq ki, yenə də olar. Kəndimizdə yeraltı təkan tez-tez olur. Amma bu dəfə daha kəskin oldu. Evin divarları çatlayıb, əşyaların əksəriyyəti sınıb. Evimiz 6 il əvvəl baş verən zəlzələdən bəri qəzalı vəziyyətdədir. O vaxtkı zəlzələdə evimiz diqqətdən kənarda qaldı. İndi də Fövqəladə Hallar Nazirliyindən hələ ki, maraqlanan olmayıb".

Yeraltı təkan Şəkidə də hiss olunub. Qədim şəhərin sakini Hafiz Əhədov hadisə vaxtı yaşananlar barəsində bunları deyib: "Bizdə zəlzələ qonşu rayonlara nisbətən zəif olsa da, evdə hamımız qorxduq. Evdəki bütün əşyalar sanki üzərimizə gəlirdi. Xoşbəxtlikdən evə və bizə ziyan dəyməyib. Şəkidə evlərin əksəriyyəti qədimdir. Dədə-babalarımız evlərin təməlini möhkəm ediblər. Ona görə də zəlzələ o qədər də təsir etmir".

Şəki sakini sonda zəlzələdən daha çox zərər görməmək üçün şəkisayağı məsləhət də verib: "Biz şəkililərdə belə bir məşhur deyim var: "Yer onun, göy onun, işinə qarışa bilmərik". Amma insanlar da ev tikən zaman evin təməlinə diqqət etsələr, zəlzələ bir o qədər də təsir etməz".

Qeyd edək ki, dünən saat 22.40 radələrində Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ Zaqatala ərazisində 5,5 bal gücündə qeydə alınıb.

Zəlzələnin təsiri ətraf rayonlarda, o cümlədən Qarabağ ərazisində, Bərdə rayonunda da hiss olunub.