BAKI, 6 iyun — Sputnik. İyun ayının 1-dən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində etiraz aksiyaları keçirilir. Etirazçılar qondarma "DQR"-in "güc strukturları"nın istefasını tələb edirlər. Ermənistanın yeni baş naziri Nikol Paşinyan baş verənlərə münasibəti də birmənalı qarşılanmır.
Bu ərəfədə separatçı rejim ilə Ermənistan hakimiyyəti arasında münasibətlər gərginləşməyə başlayıb. Araşdırmaçıların fikrincə, Paşinyan Qarabağ separatçılarının başına öz adamını gətirmək istəyir. Çünki qondarma rejimin rəhbəri Bako Saakyan keçmiş prezident Serj Sarqsyanın adamıdır. Bu isə Paşinyan üçün təhlükə deməkdir. O, ehtiyyat edir ki, Sarqsyan-Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər.
Paşinyan "Qarabağ klanı"ndan ehtiyyat edir. O anlayır ki, "Qarabağ klanı" hələ 1997-ci ilin martında Ermənistanın bütün güc strukturlarını öz nəzarətinə keçirib, 1998-ci ilin martında isə onlar bütün Ermənistanda hakimiyyətə gəliblər.
Bu klan öz hakimiyyəti illərində Ermənistanda korrupsiyanı çiçəkləndirib. "Qarabağ klanı"nın hakimiyyəti dövründə — 1999-cu ilin oktyabrında parlamentdə 8 təcrübəli siyasətçinin ölümü ilə nəticələnən insident baş verib. Klanın əsas rəqibləri olan spiker Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan, vitse-spikerlər Yuri Baxşyan, Ruben Miroyan, nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Mikael Kotanyan və Henrix Abramyan qətlə yetiriliblər.
Araşdırmalar onu deməyə əsas verir ki, həmin illərdə Vazgen Sarkisyan-Karen Dəmirçiyan tandemi ciddi müxalif qüvvəyə çevrilmişdi. "Qarabağ klanı"nın marağında idi ki, bu təhlükə aradan qalxsın. Əks təqdirdə, bu proses klanın sonu olacaqdı. Beləcə siyasi qətllər klan hakimiyyətini gücləndirdi.
İndi də Paşinyan anlayır ki, "Qarabağ klanı" ilə açıq savaşa bilməz. Odur ki, Ermənistanın baş naziri qismində ilk səfərini mayın 9-da Xankəndiyə etdi. Lakin Paşinyan bəyan edib ki, "Qarabağ klanı"na bundan sonra dəstək verilməyəcək.
Paşinyanın "Qarabağ klanı"na qarşı açıq çıxışlar etməsi əks tərəfin narazılığı ilə qarşılandı. Ehtimal etmək olar ki, Xankəndidə etirazlar artacaq və son hədəf kimi Bako Saakyan seçiləcək. Xatırladaq ki, 2017-ci ildə qondarma "DQR"-də "konstitusiya islahatı" keçirildi və "prezidentə" fövqəl səlahiyyətlər verildi.
Bununla yanaşı, qondarma "parlament" 2017-ci ilin yayında Bako Saakyanı 2020-ci ilə, "ümummilli prezident" seçkiləri baş tutana qədər "keçid dövrü prezidenti" seçdi. Lakin Ermənistanda hakimiyyət dəyişəndən sonra Bako Saakyanın üç illik "keçid" müddəti mənasını itirdi. Artıq Xankəndidə etirazlar artmaqda, separatçı rejimin rəhbəri Saakyanın siyasi iflası qaçılmaz görünməkdədir.
Ona da diqqət yetirək ki, bu gün Serj Sarqsyanın partiyası parlamentdə çoxluq təşkil etməsinə baxmayaraq, müxalifətdə olan partiyadır. Bako Saakyan isə birbaşa Sarqsyanın təyin etdiyi şəxsdir.
Dağlıq Qarabağla bağlı özünün "daha prinsipial" olduğunu göstərmək üçün Paşinyan ilk səfərini bu bölgəyə etdi, daha sonra oğlunu Azərbaycanıla sərhəddə hərbi xidmət keçməyə göndərəcəyini açıqladı. Bir sözlə, Paşinyan "Qarabağ klanı"na savaş açır və münaqişə dərinləşir.
Hadisələrin inkişafı Paşinyan əleyhinə də, lehinə də istiqamətləndirilə bilər. Siyasi şərhçilərin fikrincə, Paşinyanın son Qarabağ səfərində separatçı rejimin rəhbərləri ilə görüşdə nədə razılaşıb-razılaşmadığı da sonrakı mərhələdə çox hadisələrə təsir edə bilər.
Onu da unutmayaq ki, Xankəndinin özündə də Bako Saakyana müxalif olan qüvvələr bundan istifadə etməklə, həmçinin, Paşinyandan dəstək almaqla rejim dəyişikliyinə getməyə çalışa bilərlər. Separatçı rejimin başında Sarqsyana yaxın bir adamın qalması isə Paşinyanın idarəetməsində ona mane olacaq əsas əngəllərdən biridir və əslində özünə yaxın bir simanın separatçı rejimin başında olması onun üçün çox vacibdir. Bu baxımdan, Paşinyan və Saakyan savaşının qanlı olacağını ehtimal edə bilərik…