BAKI, 6 iyun — Sputnik. "44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb. Görülən tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisdə "Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı" təqdimatı zamanı çıxış edərkən deyib.
O bildirib ki, monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.