BAKI, 5 iyun — Sputnik. Dünən "Biosfer" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsi çərçivəsində növbəti təlimini keçirib. Sputnik Azərbaycan xəbər verir ki, tədbir Bakı şəhəri, Nizami rayonu, Namiq Həmzəyev adına 238 saylı tam orta məktəbdə təşkil edilib.
Tədbirdə çıxış edən layihənin təlimçisi Səbinə Novruzzadə deyib ki, layihənin həyata keçirilməsində əsas məqsəd aztəminatlı ailələrdən olan uşaqlar üçün seminarlar təşkil etməklə onların şəxsi inkişafının vacib olduğunu göstərməkdir: "Biz çalışmalıyıq ki, aztəminatlı ailələrin uşaqları gələcəkləri ilə bağlı nikbin olsunlar. Müasir dövrdə hər bir uşağın motivasiyasını gücləndirməyə ehtiyac var".
238 saylı tam orta məktəbin direktor müavini Rühəngiz Heydərova çıxış edərək bildirib ki, bu gün həm aztəminatlı ailələrin, həm də qaçqın və məcburi köçkünlərin uşaqlarının təhsilinə və inkişafına ciddi diqqət yetirilir.
Tədbir fikir mübadiləsi şəraitində davam etdirilib. Fikir mübadiləsi prosesində uşaqlar da onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda uşaqlara layihə çərçivəsində hazırlanmış papaq-köynək dəsti, həmçinin dərtərxana ləvazimatlarından ibarət hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.