ABŞ-la Türkiyə arasında kritik razılaşma - Ankaranın arzusu reallaşır

İki ölkə üç mərhələdən ibarət plan üzrə anlaşıb, texniki razılaşma imzalanacaq
Sputnik

BAKI, 4 iyun — Sputnik. ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonda bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş zamanı əsas müzakirə olunacaq məsələ Suriyanın Menbiç şəhəri üzrə yol xəritəsinin razılaşdırılması olacaq.

Ankara Vaşinqtonun çəkdiyi "qırmızı xətti" keçərsə...

Türkiyə XİN-in yaydığı məlumatda qeyd olunur ki, görüşdə əsas müzakirə olunacaq məsələ Suriya olsa da, tərəflər, həmçinin ikitərəfli əlaqələri, qarşılıqlı əhəmiyyət kəsb edən regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Türkiyə KİV-nin yaydığı məlumata görə, bu görüş zamanı ABŞ-la Türkiyə arasında terrorçu PKK/YPG-PYD qruplaşmasının işğal etdiyi Fərat çayının qərbindən, Suriyanın Menbiç bölgəsindən çıxmasına dair texniki razılaşma imzalanacaq.

Ümumilikdə razılaşma üç mərhələdən ibarətdir. Birinci mərhələdə, iyunun 4-də tərəflər razılaşma sənədi imzalanan vaxtdan başlayaraq 30 gün müddətində PKK/YPG-PYD terrorçuları Menbiçi tərk edəcək. İkinci mərhələdə 4 iyun razılaşmasından sonra, 45-ci günün sonunda Türkiyə və ABŞ hərbçiləri, kəşfiyyatçılar həmin ərazini araşdırmağa başlayacaq.

Üçüncü mərhələdə isə, iyunun 4-dən sonrakı 60 gün ərzində Menbiçdə yerli sakinlərdən ibarət idarəetmə orqanı formalaşdırılacaq.