CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdan Qazax qonaq gedən məktəbli çayda boğuldu - FOTOLAR

Onun cəsədi restoranlardan birinin ətrafında yaradılmış süni göldə tapılıb
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. Qazaxda faciə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, Ağstafaçayın Qazax şəhərindən keçən hissəsində məktəbli boğulub.

Elnar Mustafayev Qazaxdakı restoranların birinin ərazisində yaradılmış süni göldə boğulub

Yol kənarından keçən şəxslərdən biri çayın sahilində 13-14 yaşlı oğlana aid paltarlar, eləcə də mobil telefon aşkar edib. Dərhal göldə axtarışlara başlanılıb.

Bir müddət sonra restoranların birinin ətrafında yaradılmış süni göldən 8-ci sinif şagirdi Elnar Muradxan oğlu Mustafayevin cəsədi çıxarılıb.

Məktəblinin cəsədi təcili yardım avtomobilinə qoyulur

İlkin məlumata görə, Elnar Mustafayev Bakı şəhərində yaşayırmış və Qazaxa qonaq gedib. Onun həmyaşıdları ilə çayda çimən zaman batdığı, hadisədən dərhal sonra digər uşaqların qorxaraq olay yerindən qaçdıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.