CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Niyə peşə sahibi olmaq istəmirik?

“İllərlə universitetə hazırlaşıb, nəticədə 200 bal yığıb kəsilməkdənsə, bir peşə öyrənmək daha məqsədəuyğundur”
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. Son illərdə gənclər arasında peşə təhsilinə marağın azaldığı hiss edilir. Baxmayaraq ki, hüquqşünasların, həkimlərin, mühəndislərin sayı çoxaldığından qaynaqçılara, dərzilərə, aşpazlara və s. peşə sahiblərinə tələbat artıb.

Rəsmi məlumata görə, hazırda ölkədə 108 peşə-ixtisas təhsili müəssisəsi var. Bu təhsil müəssisələrində 30 min 664 nəfər təhsil alır. 1991-ci ildə ölkədə 176 peşə-ixtisas müəssisəsi olub. Həmin dövrdə 82 min 188 tələbəyə 3465 müəllim dərs deyib, peşə öyrədib. 2016-cı ildə isə 15 min 246 nəfər peşə-ixtisas təhsili müəssisələrini bitirib. Onlara 1794 müəllim dərs deyib. Son 22 il ərzində tələbələrin sayı 5 dəfə azalsa da, müəllimlərin sayı cəmi 2 dəfə azalıb.

Bu qanun peşə təhsilinə töhfə verəcək

Sputnik Azərbaycan-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyir ki, bu gün orta məktəbi bitirən hər kəs, savadı olmağından asılı olmayaraq ali təhsil almaq istəyir: “Ancaq diplomlu olmaq savadlı olmağın göstəricisi deyil. Əsas savad olmalıdır. Təhsilini aldığın ixtisasa mükəmməl yiyələnməlisən ki, o ixtisasda uğur qazanasan biləsən". 

Ekspert hesab edir ki, insanları peşə təhsili almağa yox, ali təhsil almağa məcbur edən ciddi səbəblər var: "Reallığı düşünmək lazımdır. İndiki dövrdə haradasa işə düzəlmək istəyəndə bizdən savad deyil, diplom və dil biliyi tələb olunur. Ona görə biz kollecdə təhsil alsaq da, ailələrimiz deyir ki, mütləq şəkildə ali təhsil alın. Çünki bizim gələcəyimiz üçün "ortalığa çıxarılası" universitet diplomu olmalıdır. Gələcəkdə pillələri bir-bir qalxmaq üçün bizə diplom şərtdir. Orta ixtisas təhsili ilə uğur qazana bilmərik. İrəliləmək üçün ali təhsil mütləqdir".

Əsədovun fikrincə, illərlə pul töküb universitetə hazırlaşıb, nəticədə 200 bal yığıb kəsilməkdənsə, hansısa bir peşəni öyrənmək daha məqsədəuyğundur: “Xüsusən kənd təsərrüfatı sahəsində bir sıra peşələrin – üzümçülük, pambıqçılıq, maldarlıq və s. sahələrlə bağlı peşə təhsilinin inkişafına, o cümlədən kadrların hazırlanmasına ehtiyac var”. 

Azərbaycanda 2 min illik sənəti yaşadan adam

“Bu baxımdan, rayonlarda həmin sahələr üzrə peşələr tədris olunmalıdır. Bu ixtisaslar üçün uzunmüddətli ali təhsil almağa ehtiyac yoxdur. Gənclərin həmin sahələrdə çalışan insanlarla münasibətində nizamlanma olmalı, onlara yüksək qayğı göstərilməlidir ki, bu sahəyə rahatlıqla üz tutsunlar", — Əsədov əlavə edir.

Ekspert qeyd edir ki, hazırda fəaliyyət göstərən peşə məktəblərinin böyük əksəriyyətinin maddi-texniki bazası dövrün tələblərinə cavab vermir: “Avadanlıqlar sovet dövründən qalıb. Avropa ölkələrində əmək bazarında lazım olan işçi qüvvəsinin 40-45 faizini peşə təhsili müəssisələri verdiyi halda ölkəmizdə bu rəqəm çox aşağı, 1-2 faiz həcmindədir”.