RUSİYA

Rusiyada təhlükəli dondurmalar: Onlardan Azərbaycana da gətirilir

Rusiyada ən populyar 34 plombir markasını yoxlanıb: bağırsaq çöpləri, köhnə süd, kərə yağı əvəzinə bitki yağı, həddini aşan turşuluq…
Sputnik

BAKI, 29 may — Sputnik. Ekspertlər Rusiyada ən populyar 34 plombir markasını yoxlayıb və onlardan 3-nün keyfiyyətsiz olduğunu müəyyən edib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə "Roskaçestva"nın sənədlərində məlumat verilib.

Yalnız üç növ plombir QOST-un keyfiyyət standartından kənara çıxıb. Bunlar Moskva vilayətində isthsal olunan "Russkiy xolod"un məhsulları, Tomsk istehsalı olan "Eskimos" və "Voloqodskiy Plombir"dir.

Keyfiyyət standartının pozulması halı 12 marka plombirdə aşkarlanıb. "Beloye zoloto" (Leninqrad vilayəti) və "Bodraya korova" (Belqorod vilayəti) markaları altında olan məhsullarda bitki yağları aşkarlanıb.

Əriməyən dondurma istəyirdinizsə, buyurun

"Bu dondurmalar plombir sayıla bilməz, çünki onların tərkibi saxtalaşdırılıb" — deyə "Roskaçestva"dan bildirilib. Eyni zamanda plombir "Vaş plombir" və "Morojenoye ot Deda Moroza" dondurması adlandırıla bilməz. Çünki onların hər ikisinin tərkibində 11.5 faiz yağ var.

"Kak bılo" və "Sibxolod" (hər ikisi Omsk vilayətində istehsal olunur) dondurmalarının tərkibində nişasta göstərilməyib. "Artek" (Voloqod vilayəti) və "Volqoqradskiy plombir" (Volqoqrad vilayəti) dondurmalarının tərkibində isə bağırsaq çöpləri aşkarlanıb. "Volqoqradskiy plombir" dondurmasının tərkibində levomisetin antibiotiki, "Lipetskoye" plombirində isə tetrasiklin qrupu antibiotikləri tapılıb.

"Selo zelyonoye" (Perm vilayəti) plombirinin faktiki kütləsi 267 qramdır. Lakin onun üstündə 280 qram olduğu qeyd edilib. "Zolotoy standart" (Omsk vilayəti) və "Kak ranşe" (Sankt-Peterburq) plombirlərində turşuluğun norma həddini aşdığı müəyyən edilib. Daha doğrusu, onların istehsalında köhnə süddən istifadə edilib.

Dondurmalarla bağlı araşdırma Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərini, Moskva ətrafını, Tatarıstanı, Leninqrad, Belqorod, Volqoqrad, Voloqod, Lipetsk, Nijeqorod, Novosibirsk, Omsk, Sverdlovsk, Tomsk vilayətlərini, Krasnodar, Perm, Primorsk və Stavropol diyarlarını əhatə edib.

"Roskontrol"un versiyasına görə, Rusiyanın ən ləzztəli dondurması "Zolotoy standart" sayıla bilər.

"Roskaçestva" heç bir qüsurun aşkarlanmadığı ən dadlı beş plombirin adlarını da açıqlayıb: "Russkiy xolod", "Çistaya liniya", "Filevski", "Nastoyaşiy plombir" və "Korovka iz Korenovki".

Qeyd edək ki, sözügedən dondurmaların əksəriyyətinə Azərbaycanda da rast gəlmək mümkündür. Yerli marketlərdə satılan Rusiya istehsalı olan dondurmaların keyfiyyət göstəricilərinin necə olduğu məlum deyil. Hər halda rəsmi Rusiya Keyfiyyət Sisteminin (Roskaçestva) açıqladığı bu hallara Azərbaycanın dondurma idxalçıları da nəzarət etməlidir.