CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uzun illər gizli saxlanılmış məzar

"Kənddə məktəb yox idi deyə Hüseyniyədə uşaqlara dini təhsil öyrədirdi"
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 28 may — Sputnik. İslam aləmində Məhəmməd Peyğəmbər soyundan gələnlərə hörmət əlaməti olaraq, həmçinin digər şəxslərdən seçilmələri üçün onların adlarının qabağında "mir" sözü əlavə edirlər. Ehtiram əlaməti olaraq onları "seyid" adlandırırlar. "Seyid" ərəb sözü olub, böyük, ağa, sərvər mənalarını verir.

Ta qədim zamanlardan xalq arasında seyidlərə xüsusi hörmət göstərilib. Xüsusən də belə şəxslər xeyriyyəçi, müəllim və ya molla olubsa. Belə seyidlərdən biri də Astaranın Şiyəkəran kəndində yaşamiş Mirəlipaşa Əliyevdir. Cəmi 56 il ömür sürmüş bu seyid yaşadığı müddətdə kənd sakinlərinə dini tədris edib, həmçinin onlara əlindən gələn hər cür yardımı göstərib.

Seyid Mirəlipaşanın məzarı

Hazırda Mirəlipaşanın övladlarının və yaxın qohumlarının yaşadığı məhəllə "Seyid məhəlləsi" adlandırılır. Mirəlipaşanın adını daşıyan 70 yaşlı nəvəsi Mirəlipaşa Əliyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyib ki, seyidlər seçildikləri üçün onları hətta qəbiristanlıqda belə, dəfn etməyiblər.

M.Əliyev babası haqqında bunları danışıb: "Mən babam Mirəlipaşanı görməmişəm. O, mən doğulandan çox-çox əvvəl rəhmətə gedib. Amma atam babam haqqında danışardı. Babamın atasının adı da Mircəfər olub. Mən kənddə ağızlardan eşitmişəm ki, qədimdə yeddi arxamız, yəni əcdadlarımız bu torpaqlara Ərəbistandan köçüblər".

Seyidin qardaşı oğlu Mir Kazım Dadaşov (solda) və nəvəsi Mirəlipaşa Əliyev

"Babamın 5 qızı, 2 oğlu olub. Oğlanları 1916-cı il təvəllüdlü Mir İslam və 1920-ci il təvəllüdlü Mir Məhəmməddir. Rəhmətlik babam Mirəlipaşa əsasən kənd təsərrüfatı işlərini görüb, atçılıqla məşğul olub. Kənd təsərrüfatı işləri ilə məşğul olan, amma texnikası olmayanlara təmənnasız kömək edib" — deyə bildirib həmsöhbətimiz.

Mirəlipaşanın qardaşı oğlu Mir Kazım Dadaşov isə deyib ki, böyüklərdən eşitdiklərinə görə, Kərbəlayi Mirhaşım və Mirəlipaşa Tehranda və Nəcəfdə oxuyublar: "Sovet hökuməti qurulandan sonra hər şey dəyişdi. Əmim Mirəlipaşa isə evdə dini dərslər deyərdi. Övladlarına, yaxın qohumlara, xüsusən də uşaqlara Qurani-Kərimi öyrədərdi. Öyrədərdi ki, bu ailənin dini savadı və dinə bağlılığı qırılmasın. Buna görə də bu günümüzə qədər dini adətlərimiz davam edir".

Şiyəkəran kəndinin sakini və müstəqil araşdırmaçı olan Yunus Qulamov əvvəlcə kəndin, sonra isə Şiyəkəran məscidinin tarixi haqqında məlumat verib. Bildirib ki, məscidin əsas hissəsi XVI-XVII əsrlərə — Səfəvilərin dövrünə təsadüf edir.

Y.Qulamov qeyd edib ki, hazırda içərisində Mirəlipaşa dəfn olunan hissə əvvəllər Hüseyniyə olub: "Hüseyniyə dini təhsil verilən yerdir. O vaxt kənddə orta məktəb və başqa dərs tədris ocağı olmadığı üçün məscidə bitişik bir otaq tikilib və orada elə Mirəlipaşa dini dərslər keçib, uşaqlara Quran oxudub, dində insanlıq rəftarının necə olmasını öyrədib. Hazırda məscidin üzərində 1900-cu il, yazılsa da bu, Hüseyniyəyə aiddir. Həmin hissə 1900-cu ildə inşa edilib".

Seyid Mirəlipaşanın dəfn olunduğu məscid

Araşdırmaçı vurğulayıb ki, Mirəlipaşa Əliyev elə həmin Hüseyniyədə dəfn olunub: "Bu seyidlər kənddə çox böyük nüfuza malik olub. Ona görə də Mirəlipaşa Əliyevi hörmət əlaməti olaraq dərs dediyi Hüseyniyənin içərisində dəfn ediblər. Sovet hakimiyyəti qurulandan sonra məscid bağlanıb və kolxozun anbarına çevrilib. Bura yeşiklər, kənd təsərrüfatı alətləri və texnika hissələri yığılardı. Buna baxmayaraq, kənd camaatı ibadətinə davam edib. Məscidin içərisində gizlicə, yeşiklərin arasında namaz qılıb, dini ayinləri keçiriblər".

Öldüyünü zənn edib məzarını qazdılar, dirilib qəbrini ziyarət etdi - FOTOLAR

"Seyid Mirəlipaşanın məzarı ötən əsrin 90-cı illərinə qədər həm qohumları, həm də digər kənd sakinləri tərəfindən gizli ziyarət olunub. SSRİ vaxtı bu seyidlər çox da təqib olunmayıblar. Çünki kənd camaatı ona imkan verməyib, hətta bəzi hallarda etiraz ediblər" — həmsöhbətimiz deyib.

Yunus Qulamov daha sonra bunları deyib: "Ağsaqqallarımızdan eşitmişəm ki, Mir Haşım ağa o vaxt dini ədəbiyyat olmadığından bir çox şəri məsələlərin həllində iştirak edib. Azərbaycanın hər yerindən, Şimaldan, Şirvandan, hətta Qərb bölgələrindən dini və şəri məsələləri dəqiqləşdimək üçün onun yanına gəliblər. Mirəlipaşa 100 ilə yaxındır vəfat edib, Mir Haşım ağa isə 60-70 il olar dünyasını dəyişib, lakin hələ də xalq onlara böyük hörmət saxlayır".

Seyidin dəfn olunduğu məscid memarlıq abidəsi kimi qorunur

Həmsöhbətimiz bu seyidlərin kəraməti ilə bağlı bir hadisəni də danışıb: "Mirəlipaşa Əliyevin Mir Haşım adlı bir əmisi oğlu olub. Keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) Astara şəhər şöbəsinin rəisi Mir Haşım ağanı saxlayıb və əmr edib ki, hər həftə gəlib şöbədə qeydiyyatdan keçsin. 60-70 yaşlı Mir Haşım kişi hər həftə 20 km yolu ya piyada, ya da at-araba ilə qızmar günəş altında rayon mərkəzinə getmək məcburiyyətində qalıb. Bir dəfə Mir Haşım kişi DTK rəisinə deyib ki, məni incitmə, bir qol çəkməyə görə hər həftə gün altında gəlməyim bura, Allahdan qorx. DTK zabiti isə onu kobud şəkildə ələ salaraq təhqir edib. Bu hadisədən çox keçməmiş həmin rəisin qızı ikinci mərtəbənin pəncərəsindən yıxılıb və beli sınıb. Xəbər rayona yayılanda hər kəs bunu seyidə təhqirin cəzası olaraq qəbul edib".