CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Velosipedi təzədən icad edib, həm də sözün həqiqi mənasında

Şəhərdə hərəkət etdikcə hər kəs təəccüblə ona baxır
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 28 may — Sputnik. Qeyri-adiliyi və fərqlənməyi sevən Şəmkir sakini maraqlı velosiped hazırlayıb. Görənlərin təəccüblə qarşıladığı əl işi 3 mərtəbəli, 3 təkərdən ibarət qeyri-adi bir formaya malikdir. Fərqli "qoşa çarx"-ı barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan 33 yaşlı ixtiraçı kiçik yaşlarından velosiped həvəskarı olduğunu bildirib.

Samir Hüseynov və onun düzəltdiyi velosiped

On ildən artıqdır velosiped satışı və təmirini edən qəhrəmanımız qeyri-adi velosipedi isə fərqlilik yaratmaq marağından hazırladığını deyib: "Əvvəl 2 velosiped çərçivəsini üst-üstə qaynaq edərək ikimərtəbəli düzəltdim. Sonra dedilər ki, belə velosipedlər başqa yerlərdə var. Ona görə bir çərçivə də əlavə edərək 3 mərtəbəli hazırladım. Təhlükəsizliyinə görə isə sonradan 3-cü çarx da əlavə etdim".

Samir Hüseynovun özünün düzəltdiyi velosipeddə

Samir Hüseynov "üç çarx"-ı hazırlamaq üçün bütün işləri özü gördüyünü və bu işə, ümumilikdə 260-280 manat vəsait xərclədiyini də qeyd edib. İxtiraçı 1,8 metrə yaxın hündürlüyü olmasına baxmayaraq, velosipedə heç bir çətinlik çəkmədən minib-düşür, şəhərdə asanlıqla idarə edir.

Ona ən xoş gələn isə velosipedi sürərkən hamının ona təəccüblə baxmasıdır: "Şəhərdə sürəndə hamı təəccüblə baxır, hərəkətdə olanda telefonla çəkirlər. Dayananda gəlib yanında şəkil çəkdirirlər. Onda fikirləşirəm ki, zəhmətim hədər getməyib".

Samir Hüseynov gələcəkdə 3 nəfərin idarə edə biləcəyi velosiped hazırlamaq istəyini də dilə gətirib.