CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaxtsız əcəl, məndən uzaq dolan, dur...

S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri olub
Sputnik

BAKI, 27 may — Sputnik. Azərbaycanın görkəmli şairi Səməd Vurğun vəfat edib (1906- 1956). 

Vaxtsız əcəl, məndən uzaq dolan, dur
Qürbət eldə can vermərəm ölümə!
Qılıncını məndən uzaq dolandır
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə…

Bu sətrləri yazan dahi şair 1955-ci ilin oktyabr ayında SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
Şair İlyas Tapdıq vəfat edib
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilir.

S.Vurğun Azərbaycanın ilk Xalq Şairi, Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi fəxri adlarına layiq görülüb, iki dəfə Stalin mükafatı laureatı və iki dəfə "Lenin" ordeni kavaleri olub. Şair "Zəncinin arzuları", "Aygün", "Muğan", "Zamanın bayraqdarı", "Bakının dastanı" kimi poemaların, "Fərhad və Şirin" mənzum dramının, "Vaqif" dramının və digər məşhur əsərlərin müəllifidir. 

S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri olub.