BAKI, 27 may — Sputnik. Doğuşun qadağan olduğu ölkədə ilk uşaq dünyaya gəlib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Braziliyada uşaq doğmağın qadağan olunduğu adada 12 il sonra ilk körpə səsi eşidilib.
Braziliyanın 3 min əhalisi olan Fernando Noronha Adasında 22 yaşlı qadın qız uşağı dünyaya gətirib. Adının çəkilməsini istəməyən qadın hamiləliyinin fərqində olmadığını və hadisə qarşısında deməyə sözü olmadığını bildirib.
"Cümə gecəsi sancım var idi. Sonra uşaq dünyaya gəldi. Qız uşağı idi. Dilim tutuldu sanki" – deyə qadın bildirib.
Uşaq sonradan yerli xəstəxanaya aparılıb. Qadının evində doğduğu müəyyən edilib. Ailə isə qızın hamilə olmasından xəbərsiz olduğunu bildirib.
Yerli əhali uşağın dünyaya gəlməsindən çox razıdır və ailəyə yardım edir.
Xatırladaq ki, dünyanın ən gözəl sahillərindən birinə sahib olan Fernando de Noronha Adası məşhur sualtı təbii ehtiyatları qorumaq üçün əhalinin sayının artmasını istəmir. Hamilə qadınlar adadan çıxarılır. Adada doğum evi də yoxdur.