SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Polad Bülbüloğlu Azərbaycan-Rusiya əlaqələrindən danışıb

"Azərbaycan tərəfi inanır ki, Rusiya münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında tezliklə həlli üçün maksimum səy göstərəcək"
Sputnik

BAKI, 27 may — Sputnik. "Azərbaycan-Rusiya münasibətləri ilk növbədə tarixən formalaşmış əlaqələrə söykənir. Bu münasibətləri dostluq və mehriban qonşuluğa əsaslanan münasibətlər kimi xarakterizə etmək olar".

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə "Moskovskiy Komsomolets" qəzetinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Polad Bülbüloğlu: "Mənim nəslimdən olanlar gözləməkdən yorulub"

P. Bülbüloğlu iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci il aprelin 4-də qurulduğunu söyləyib: "Elə həmin ildə iki ölkənin səfirlikləri də açılıb. Sözsüz ki, Azərbaycan və Rusiya arasındakı əməkdaşlıq strateji xarakter daşıyır və xalqlarımızın köklü maraqlarına cavab verir. Dövlətlərimizin liderləri İlham Əliyev və Vladimir Putin arasında olan şəxsi əlaqələr və etibarlı münasibətlər iki dövlətin maraqlarına cavab verir, hərtərəfli əməkdaşlıq üçün möhkəm və əlverişli əsas yaradır. Hər iki dövlət nəqliyyat yollarının və yüklərin çatdırılması vasitələrinin diversifikasiyasına sadiqdir, mövcud imkanların genişləndirilməsi üçün nəqliyyat-kommunikasiya infrastrukturlarının inkişafı ilə bağlı effektli tədbirlər görür. Eləcə də qlobal enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Hesab edirik ki, dövlətlərimiz və xalqlarımız arasındakı etibarın və strateji əməkdaşlığın möhkəmləndirilməsi həm də regionda sülhə və sabitliyə yardım edəcək".

Səfir deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması regional əməkdaşlığa əsas maneədir: "Azərbaycan tərəfi inanır ki, Rusiya Federasiyası ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həlli üçün maksimum səy göstərəcək".