CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orada qədim tarix yatır, yaşı da 3,5 min ildən 50 il öncəyə qədər

Sənətkarların yaratdığı əl işləri onların geniş dünya görüşünü, yüksək fəlsəfi fikirlərini təcəssüm etdirir
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. Qədim tarixə malik Bərdənin hər daşının altında tarix yatır. Müxtəlif dövrlərdə Bərdə şəhərinin şöhrəti dünyanı dolaşıb. Yaxın Şərqin ən böyük şəhərləri ilə müqayisə olunub. Bu barədə ən dolğun məlumatı Bərdə şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyindən almaq olar.

Sputnik Azərbaycan-ın bölgə müxbiri də elə bu məqsədlə Bərdə Tarix Diyarşünaslıq Muzeyində olub.

Muzeyin foyesində Bərdə şəhərinin orta əsrlərə aid maketi yerləşdirilib. Maket mərhum tarix müəllimi Xizri Ələkbərovun ideyası ilə kinematoqrafiya institutunda hazırlanıb. Burada VII-IX əsrlərdəki Bərdənin şəhər həyatı canlandırılıb. Şəhərin ikiqat qala divarları ilə mühafizəsi təsvir olunur. Çöl qala divarları ilə yanaşı içəri məhəllələr, mədrəsə, məscidlər var. Qala divarlarının hər tərəfi su ilə dolu xəndəklərlə əhatə olunub. 

Qəbri muzey otağının döşəməsinə basdırılan dahi
Hökmdarın sarayı və Cümə məscidi Qala divarının içərisində yerləşir. Vaxtilə Yaxın Şərqin ən böyük bazarı olan Əl-Kürki bazarı da Bərdə şəhərinin maketində yer alıb.

Zəngin eksponatlara malik Bərdə Tarix Diyarşünaslıq Muzeyində daş dövründən bu yana XIX-XX-ci əsrlərə qədər dövrü əhatə etməklə, 3100-ə qədər tarixi eksponat toplanıb. Burada ən qədim eksponatın — daş dövrünə aid daşdan hazırlanmış əmək alətinin 3500 yaşı var. Arxeoloji qazıntılar zamanı tapılmış bir çox əmək alətləri, misgərlik nümunələri, saxsı qablar, III-V əsrlərə aid, Sasanilər dövründə zərb edilmiş dəmir pullar, e.ə. aid şüşə parçaları Bərdənin qədim tarixini özündə yaşadır.

Tarix Diyarşünaslıq Muzeyində nümayiş etdirilən eksponatlar Bərdənin keçmişi, məişəti, təsərrüfatı, sənətkarlığı, ticarəti haqqında hərtərəfli informasiya verə bilir. Fondda toplanan müxtəlif çeşidli eksponatlardan da görünür ki, burada sənətkarlığın bir çox sahələri inkişaf yolu keçib. Misgərlik, dulusçuluq, toxuculuq sahəsində mahir sənətkarların əl işləri muzeyin vitrinlərini bəzəyir. Mis qablar, sərnic, səhəng, güyüm misgərlik sənətinin keçmiş ənənələrindən xəbər verir. Saxsı küplər, badyalar da dulusçuların yadigarıdır. Toxuculuğa aid daraqlar, cəhrələr də var ki, bu da misgərlik və dulusçuluqla yanaşı, toxuculuğun da məişətimizdə önəmli rola malik olduğunu göstərir.

Xalçalar, fərməclər, xurcunlar tək məişət nümunələri yox, həm də yerli camaatın tətbiqi dekorativ sənət düşüncəsinin estetikasına malik olması deməkdir. Sənətkarların yaratdığı əl işləri onların geniş dünya görüşünü, yüksək fəlsəfi fikirlərini təcəssüm elətdirir.

Muzeydə maraq doğuran eksponatlardan biri də eramızdan əvvəl III-II əsrlərə aid edilən şüşə parçalarıdır. Bələdçi Könül Əliyeva bildirir ki, burada aşkar olunan şüşə parçaları Bərdədə hələ qədim zamanlarda şüşə istehsalının həyata keçirildiyini göstərir. X-XIV əsrlərə aid şirələnmiş və naxışlanmış saxsı qablar da sənətkarlıq baxımından yüksək məharətlə hazırlanıb.

Muzeydəki antik dövrə — e.ə. VI-II əsrlərə aid su qabları, vazalar, gil, çiy saxsı qabları, məişətdə işlənən küp, qazan, bardaq, e.ə. XI-VIII əsrlər erkən dəmir dövrünə aid qablar, XIX əsrə aid dəmirçilikdə istifadə olunan körük tarixilik baxımından çox qiymətlidir. Daş dövrünə aid "nukleis" adlı daşı, "dəvəgözü"nü izlədikcə hiss edirsən ki, muzeyin divarları arasında sanki tarixin ruzigarları dövrə vurur.

Muzeyin numizmatika bölməsində Bərdə də tapılmış bir çox qədim dövlətlərin pulları saxlanılır. Həmin dövrdə tərkibində olduğu Sasanilər dövləti ilə yanaşı başqa xarici ölkələrə aid pullardan istifadə göstərir ki, Bərdə ticarət əlaqələrində əhəmiyyətli rola malik olub.

Gəlin bəzək geyimləri, patefon tarixin bir parçasına çevrilib artıq. 41-45 müharibəsində iştirak edənlərin şəkli, döş ordenləri, tərifnamələri ötən əsrdə faşizm üzərində qələbədə bərdəlilərin hünərini nümayiş etdirir. Muzeydə Bərdənin bəyləri, qolçomaqları haqqında da məlumatlar yer alıb.

"Açıq muzey"in hər daşında yaşayan tarix

Muzeyin bələdçisi Könül Əliyeva deyir ki, buradakı eksponatların toplanmasında yerli camaatın da böyük rolu olub: "Muzey binasının açılışında ağdabanlı Seyid Tərlan xanım fərməc hədiyyə edib. 2005-ci ildə Bərdə rayon Mustafaağalı kənd sakini, kolxoz sədri olmuş Bəhram Babayev Mustafaağalı, Qaratəpə kəndlərdən tapılmış tunc dövrünə aid tarixi əşyaları muzeyə təhvil verib. Bərdə şəhər 6 saylı məktəbin müəllimi Xizri Ələkbərov da illərlə topladığı saysız-hesabsız eksponatı hədiyyə edib".

Bələdçi qeyd edir ki, bu iş hazırda da davam etdirilir. Ötən il muzeyin fonduna 400-ə qədər eksponatın qəbul edilib.

K.Əliyevadan öyrənirik ki, ötən il muzeyin ziyarətçilərinin də sayı az olmayıb. Amerikadan, Almaniyadan, Rusiyadan, Tacikistandan Özbəkistandan olmaqla, 350 nəfərə qədər turist muzeyi ziyarət edib. Turistlər arasında İsrailin Azərbaycandakı səfiri də olub. Ümumilikdə, 12500 nəfər muzeyə ziyarətə gəlib ki, onların da əksəriyyətini məktəblilər təşkil edib.

Muzeyin bələdçisi bildirir ki, adətən məktəblilərin Bərdə haqqında tarix dərslərini burada keçirlər.

Bərdə Tarix Diyarşünaslıq Muzeyi, oradakı eksponatlar haqqında çox danışmaq olar. Ancaq ən yaxşısı muzeyi ziyarət edib, yerində görməkdir. O üzdən də Bərdəyə yolu düşənlərə muzeyi ziyarət etməyi tövsiyə edirik.