CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlanlar şimal-qərb bölgəsində tüğyan edir

Yayılan şayiələrə görə, sovet dövründə Abşeron ərazisində olan ilan saxlanma yerlərindəki ilanları Qaxın Ağyazı çöllüyünə buraxıblar
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 may— Sputnik. Havalar hələ tam isinməsə də, ilanlar fəallaşıb. Ötən gün axşam saatlarında Şəki rayonunda vətəndaşı ilan sancıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayonun Qoxmuq kənd sakini, 53 yaşlı Şəhla Salmanova həyətyanı sahədə işləyən zaman onu ilan sancıb. Kənd sakinini əvvəlcə Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər. Gecə saatlarında müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Azərbaycanda daha bir ilan sancması

Qeyd edək ki, analoji hadisə ötən gün Qax rayonunda da baş verib. Belə ki, rayonun Acınohur qışlağında çobanlıq edən Zaqatala sakini, 1993-cü il təvəllüdlü İbrahim Mehdiyevin sol ayağın pəncə nahiyəsindən ilan sancıb. Zərərçəkmiş şəxs dərhal Qax Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Xəstənin vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib. Kənd sakinlərinin sözlərinə görə, adıçəkilən ərazidə son 3-4 ildə ilansancma hadisəsi geniş vüsət alıb.

Yayılan şayiələrə görə, Sovet dövründə Abşeron ərazisində olan ilan saxlanma yerlərindəki (pitomnik) ilanları Qaxın Ağyazı çöllüyünə buraxıblar. Məqsəd, gələcəkdə ilan zəhəri istehsalına başlamaqdır.