BAKI, 24 may — Sputnik. “7 gözəl” gəlinliklər nümayişi Azərbaycan cütlükləri üçün toy hazırlıqlarını asanlaşdırmaq məqsədini güdür. Bunu tədbirin təşkilatçısı Pərvanə Məmmədova Sputnik Azərbaycan multimediya mərkəzində keçirilən mətbuat konfransında deyib.
“Toy insanın həyatında ən vacib hadisələrdən biridir. Və ona hazırlıq zamanı cavanlar bəzi çətinliklərlə üzləşir. Bu səbəbdən biz bu işi asanalaşdırmaq məqsədilə 2018 ildə dəbdə olan gəlinlik libasları və makiyaj tərzlərinin nümayişini təşkil etmək qərarına gəldik.”
Gələn ayın 9-da ikinci dəfə keçiriləcək göstəri birinci mövsümdən bəzi yeniliklərlə fərqlənəcək. Lakin təşkilatçılar qonaqları təəcübləndirmək niyyətilə onları əvvəlcədən açıqlamaq istəmir.
Pərvanə Məmmədovanın söylədiyinə görə, nümayiş zamanı toy və axşam libasları, stilist, vizajist və saç ustalarının işləri də göstəriləcək.
Aparıcısı aktrisa Zümrüd Qasımova olan gecədə Murad Arif, Aysun İsmayılova, Ayaz Babayev, Sura İsgəndərli və digər ifaçılar çıxış edəcək. Bundan əlavə, gecənin sonunda məşhurların övladlarının iştirakı ilə şou təqdim ediləcək.
Orijinal layihənin direktoru İsmayıl Qasımov, ideya müəllifi isə Pərvanə Məmmədovadır.
“7 Gözəl” nümayişi ilk dəfə bu ilin fevral ayında təşkil edilmişdi.
Sputnik Azərbaycan tədbirin informasiya dəstəyini təmin edir.