BAKI, 23 may — Sputnik. İyun ayından Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinas buraxılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, milli valyuta dövlət müstəqilliyinin əsas atributlarından biridir: "Bu baxımdan 1992-ci ildə Azərbaycan manatının dövriyyəyə buraxılması mühüm hadisə idi. Lakin, dövriyyəyə buraxıldığı ilk illərdə manat ölkədə yeganə ödəniş vasitəsi deyildi. Məhz ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli müvafiq fərmanı ilə manatın respublika ərazisində yeganə ödəniş vasitəsi olması təsbit edildi və ölkə rubl zonasından tamamilə çıxdı. Manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə bir daha öz təsdiqini tapdı".
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən 2006-cı il yanvarın 1-dən manatın denominasiyası həyata keçirildi və tədavülə yeni nəsil pul nişanları buraxıldı. "Vahid ailə" konsepsiyası əsasında hazırlanmış yeni nəsil kağız və metal pul nişanları Azərbaycanın bütün sahələrdə müstəqilliyini, ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, müstəqillik illərində dinamik inkişafını özündə əks etdirirdi.
12 il müddət keçməsinə baxmayaraq milli pul nişanlarımız estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə öz aktuallığını qoruyur. Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır.
Son dekadada ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilmişdir. Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti "Crane Currency" tərəfindən təqdim olunan dizayn qalib seçildi. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı "Giesecke+Devrient" şirkətində istehsal olundu.
E.Rüstəmov bildirdi ki, bu gün Mərkəzi Bank mövzusu müstəqil Azərbaycanın memarı ümummilli liderin xatirəsinə inşa edilmiş "Heydər Əliyev Mərkəzi" olan 200 manatlıq kağız pul nişanını tədavülə tədqim edir. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunmuşdur.
Sonra E.Rüstəmov ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim etdi. Vurğuladı ki, Heydər Əliyevin və Azərbaycanın Xalq Cümhuriyyətinin yubileyləri arasında rəmzi əlaqə vardır. Azərbaycanın son 100 illik inkişafının uzun bir dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli lider Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci dövrdən başlayaraq onun iqtisadi müstəqilliyinin güclü təməlləri yaradılmışdır.
90-cı illərin əvvəlində Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükələrin yarandığı şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn ümummilli lider qısa müddətdə milli həmrəyliyi bərpa etdi, dövlətçiliyin möhkəmləndirilməsi və bazar iqtisadiyyatı istiqamətində radikal islahatlara başladı. İqtisadi sahədə əsas prioritet olan makroiqtisadi sabitlik bərpa edildi. Ölkədə iqtisadi idarəetmə mexanizmi yenidən quruldu, yeni institutlar formalaşdı.
Görülən irimiqyaslı tədbirlər nəticəsində ölkədə qısa müddətdə iqtisadi artım bərpa olundu və əhalinin həyat səviyyəsi yüksəlməyə başladı.
Bu dövrdə radikal islahatlardan əlavə ölkənin uzunmüddətli inkişafı üçün həm də güclü bir maliyyə təkanı lazım idi. Mürəkkəb tarixi şəraitdə Ulu Öndərin atdığı ən böyük addımlardan biri neft strategiyası çərçivəsində "Əsrin müqaviləsi"nin imzalanması oldu. Neft strategiyası ölkənin gələcək inkişafında həlledici amilə çevrildi.
Ümummilli liderin hakimiyyətə qayıdışı maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi oldu. Qəbul olunmuş proqramlar əsasında bank sistemi sağlamlaşdırıldı, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlandı, özəl bankların sayı optimallaşdırıldı.
E.Rüstəmov qeyd etdi ki, Ulu Öndərin titanik zəhməti ilə yaradılmış iqtisadi potensial əsasında onun layiqli davamçısı İlham Əliyev "qızıl inkişaf dekadası"na nail oldu. 2003-ci ildən başlayaraq həyata keçirilən "təqibedici" artım doktrinası sayəsində milli iqtisadiyyatın həcmi 3.3 dəfə artmışdır. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli yüksəlmiş, yoxsulluq cəmi bir dekadada 9 dəfə azalmışdır. Strateji valyuta ehtiyatları 27 dəfə artaraq 44 mlrd. dollara çatmışdır. Təsadüfi deyil ki, Qlobal rəqabətlik hesabatına görə Azərbaycan MDB-nin ən rəqabətli ölkəsidir.
E.Rüstəmov bildirdi ki, müstəqil siyasətə və əsaslı islahatlar kursuna son prezident seçkilərində "HƏ" deyən xalq İlham Əliyevə növbəti etimad mandatı verdi. Heç şübhəsiz, öz taleyinin sahibi olan xalq Liderin rəhbərliyi altında bütün hədəflərə çatacaq.
O, tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Heydər Əliyevin 95 illik yubileyi ölkə miqyasında layiqincə keçirilməkdədir. Mərkəzi Bank da ümummilli liderin adının əbədiləşdirilməsini daim diqqətdə saxlayır. Ümummilli liderə həsr olunmuş xatirə pul nişanlarının buraxılması artıq xoş ənənə halını almışdır. Ulu Öndərin anadan olmasının 80, 85 və 90 illik yubileyləri münasibətilə Mərkəzi Bank tərəfindən müxtəlif qiymətli metallardan hazırlanmış silsilə yubiley pul nişanları tədavülə buraxılmışdır. Bu pul nişanları ölkə ictimaiyyəti, yerli və xarici numizmatlar tərəfindən yüksək maraqla qarşılanmışdır.
Bu gün də Mərkəzi Bank bir daha qürur hissi ilə Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanının tədavülə buraxılmasını elan edir. Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31.1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir.
Yubiley pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, eləcə də memarlıq, şəbəkə sənətində geniş yayılmış ornamentlərdən istifadə olunmuşdur. Pul nişanının ön hissəsində xüsusi relyefdə əks olunmuş Dövlət bayrağının fonunda Ulu Öndərin qızıl və platindən hazırlanmış portreti əks etdirilmişdir. Arxa hissəsində isə Dövlət gerbi təsvir olunmuşdur.
E.Rüstəmov eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim etdi. Bildirdi ki, Möhtərəm Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin layiqincə keçirilməsi və cari ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması haqqında müvafiq sərəncamlar imzalamışdır. Bunlar dövlət səviyyəsində tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümüdür.
Azərbaycan Mərkəzi Bankı da bu əlamətdar tarixin əbədiləşdirilməsi məqsədilə Cümhuriyyətin yaradılmasının 100 ilik yübileyinə hər olunmuş xatirə pul nişanlarını tədavülə buraxır. Xatirə pul nişanları çəkisi 1, ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir.
Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnimizdən bir parça, Dövlət bayrağının qrafiki dizaynı təsvir etdirilmişdir. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunmuşdur. Yubiley pul nişanının arxa hissəsində Dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əks olunmuşdur.
Hər iki yubiley pul nişanları Böyük Britaniyanın "The Royal Mint" Kral Sikkəxanasında istehsal edilmişdir.
E.Rüstəmov təqdim edilən pul nişanlarının dünya numizmatlarının kollek¬siya¬larında xüsusi yer tutacağına əminliyini ifadə etdi.
Çıxışının sonunda bir daha qeyd etdi ki, Heydər Əliyev dövlətçilik məktəbi bundan sonra da müstəqil Azərbaycanın onilliklər boyu tərəqqi etməsində ideoloji nüvə olaraq qalacaq. Bu irsin layiqli davamçısı ölkə prezidenti İlham Əliyev öz modernist baxışı ilə Azərbaycanı bundan sonra da parlaq gələcəyə doğru uğurla aparacaqdır.