"Formula 1" Azərbaycan Qran-Prisi ilə bağlı nə baş verir - Rəsmi açıqlama

Nigar Arpadarai: "Hər iki tərəf maraqlı olacaqsa, yenidən 5 il müddətinə Azərbaycan Qran-Prisi keçiriləcək"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Son 3 ildə Azərbaycanda keçirilən “Formula 1” yarışları maraqla qarşılanır. Bu yarışlar nəinki Azərbaycanda dünyada maraqla izlənilir. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbəri Arif Rəhimov Almaniya mətbuatına müsahibəsində Azərbaycan Qran-Prisi barədə danışarkən maraqlı faktlara toxunub. O bildirib ki, Azərbaycan Qran-Prisi yenidən iyun ayında Azərbaycanda keçirilə bilər. Rəhbər onu da qeyd edib ki, "Liberty Media" ilə əməkdaşlıqda çətinliklər var.

Bakıda "Formula-1" üzrə Azərbaycan Qran-prisi başladı

Sputnik Azərbaycan məsələyə Bakı Şəhər Halqasının PR meneceri Nigar Arpadarainin münasibətini öyrənib. Nigar Arpadarai bildirib ki, Qran-Prinin iyun ayında başlayacağı hələ ki, dəqiq bilinmir: “Amma biz bu yarışın iyun ayına keçirilməsini istərdik. Çünki həmin ayda bizim üçün "Formula 1" yarışı keçirmək daha sərfəlidir. Keçən il də qeyd etmişdik ki, biz sadəcə 2017-ci ildə yarışın aprel ayına salınması üçün müraciət etmişdik. Çünki Cümhuriyyətin 100 illiyi münasibəti ilə keçiriləcək tədbirlərdən sonra yarışı keçirmək üçün hazırlıqları çatdıra bilməzdik".

"Amma gələn ildən yenidən iyun ayında yarışları təşkil etmək bizə sərf edər. Bununla bağlı "Formula 1" rəhbərliyinə müraciət etmişik. Qərarın necə olacağı hələ dəqiq bilinmir", — deyən N.Arpadarai Arif Rəhimovun açıqlamasında Rusiyada keçirilən Soçi Qran-Prisi haqqında fikirlərinə də münasibət bildirib: “Bizim yarışın Soçi ilə heç bir əlaqəsi yoxdur. Hətta keçən il Soçi ilə bizim Qran-Pri arasında vaxt az idi. Amma turistlərdən ora da gedən oldu, kifayət qədər bizə də turist gəldi. Hər bir yarışın özünün auditoriyası var".

PR meneceri Arif Rəhimovun "Liberty Media" ilə əməkdaşlıqda çətinlik olması ilə bağlı səsləndirdiyi fikrə də toxunub: "Arif Rəhimova jurnalistlər nə sual ünvanlayıb və Arif Rəhimov niyə belə deyib, hansı məqamda bunu dilə gətirib deyə bilmirəm. Bəlkə də jurnalistlər səhv anlayıblar. Onu deyə bilərəm ki, bizim "Liberty Media" ilə münasibətlərimiz əladır. Onların yeni komandası var və bizimlə sıx işləyirlər”.

“Məndən soruşursunuzsa, heç bir problemimiz olmadığını deyə bilərəm. Hətta "Formula 1"-in yeni rəhbəri Çeys Keri Azərbaycanda keçirilən iki Qran-Prisində iştirak edib və çox bəyəndiyini də etiraf edib", — sözçü əlavə edib.

N.Arpadarai Azərbaycan Qran-Pisinin müddətinin artırılmayacağı və Azərbaycanın yerinin başqa ölkəyə veriləcəyi xəbərinə isə belə cavab verib: "Daha bir ölkənin "Formula 1"- ə əlavə ediləcəyi məsələsi gündəmdədir. Amma bu ölkənin Azərbaycan ilə heç bir əlaqəsi yoxdur. Son iki ildə Azərbaycan Qran-Prisi o qədər maraqlı keçir ki, həm rəhbərlik, həm də fanatların böyük marağına səbəb olub. Düşünürəm ki, iki Formula 1 yarışından sonra hər iki tərəf maraqlı olacaqsa, yenidən 5 il müddətinə Azərbaycan Qran Prisi keçiriləcək".