İDMAN

Türkiyədə möhtəşəm futbol gecəsi: "Qalatasaray" çempion oldu

"Qalatasaray" ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu üzrə rekordunu yeniləyib
Sputnik

BAKI, 19 may — Sputnik. "Qalatasaray" futbol klubu Türkiyə Superliqasının sonuncu turunda səfərdə "Göztəpə"ni məğlub edərək tarixində 21-ci dəfə çempion olub.

Sputnik Azərbaycan xəbər verir ki, sonuncu tura qədər hansı klubun çempion olacağı müəyyənləşməyib. Rəqiblərindən 3 xal öndə olan "aslan"a çempion olmaq üçün səfər matçında heç-heçə də kifayət edirdi. "Fənərbağça" və "Başakşehir"ə isə qalib gəlmək və rəqiblərinin büdrəməsinə ümid etmək qalırdı.

"Qalatasaray"da inanılmayanlar olur...

Amma "Qalatasaray" tapşırığın öhdəsindən layiqincə gələrək, rəqiblərinə heç bir şans verməyib. Fatih Terimin komandası rəqibini 1:0 hesabı ilə udaraq 75 xalla Türkiyə Superliqasının 2017/2018-ci il mövsümünü turnir cədvəlinin birinci pilləsində başa vurub.

"Qalatasaray" ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu üzrə rekordunu yeniləyib. "Fənərbaxça"nın 19, "Beşiktaş"ın isə 15 titulu var.

Çempionluq uğrunda mübarizə aparan komandalardan "Fənərbağça" klubu "Konyaspor"u 3:2, "Başakşehir" isə "Kasımpaşa"nı 3:2 hesabı ilə məğlub edib. Dördüncü yerdə qərarlaşan "Beşiktaş" isə "Sivasspor"a 5:1 hesabı ilə qalib gəlib.

Beləliklə, "Fənərbağça" və "Başakşehir" 72 xalla müvafiq olaraq turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşüblər. "Beşiktaş 71 xalla dördüncü, "Trabzonspor" 55 xalla beşinci sırada qərarlaşıb.