Daha bir qurumun mətbuat katibi istefa verdi

Nəsimi Paşayev: "Amma "mənim metrom"a qarşı qərəzli münasibət göstərən hər kəsin qarşısında olacağıma əmin ola bilərsiniz"
Sputnik

BAKI, 18 may — Sputnik. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev işdən azad olunması ilə bağlı ərizə yazıb. Bu barədə xəbəri Nəsimi Paşayev Sputnik Azərbaycan-a təsdiqləyib.

Nazirliyin mətbuat katibi ilə bağlı əmr verildi

"2014-cü ilin mart ayında mindiyim metro qatarı son stansiyaya çatdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, mayın 31-də artıq bu stansiyada düşməliyəm", — Paşayev deyib.

Həmçinin qeyd edib ki, istefa verməsi ilə bağlı "Bakı Metropoliteni" QSC sədri Zaur Hüseynovla uzun bir söhbət edib: "Zaur Hüseynov getmək istəyimə etiraz etsə də, qərarıma hörmətlə yanaşdı. "Bakı Metropoliteni sizə darlıq edir. Artıq siz daha böyük yerlərdə, daha böyük layihələrdə özünüzü sınamalısınız. Bizimlə böyük işlər gördünüz. Əminəm ki, bundan da böyük işlər görəcəksiniz" deyən sədr gələcək işlərimdə əlindən gələn köməkliyi göstərəcəyini bildirdib və uğurlar arzuladı".

"Bu müddət ərzində əlimdən gələni etməyə çalışdım. Hesab edirəm ki, üzüm ağ, alnım açıq, başım dikdir. Ola bilər, iş prosesində kiminsə istəmədən qəlbini qırmışamsa, xətrinə dəymişəmsə, üzristəyirəm", — Paşayev əlavə edib.

O, sonda qeyd edib ki, "Amma "mənim metrom"a qarşı qərəzli münasibət göstərən hər kəsin qarşısında olacağıma əmin ola bilərsiniz. Metro mənim qanıma işləyib və komanda yoldaşlarımdan heç zaman köməyimi əsirgəməyəcəm. Gələcəkdə daha böyük layihələrdə, işlərdə görüşmək ümidi ilə".

Nəsimi Paşayevin yerinə hələ ki, yeni təyinat yoxdur.