BAKI, 15 may — Sputnik. "Microsoft" şirkətinin "Bing" avtomatik tərcümə xidməti İsrail baş naziri Benyamin Netanyahunun "Eurovision-2018" mahnı müsabiqəsinin qalibi Netta Barzilayın ünvanına səsləndirdiyi komplimenti təhqirə çevrilib. Bu barədə Sputnik Azərbaycan İsrailin "Haaretz" nəşrinə istinadən xəbər verir.
Netanyahu qalibi təbrik edərkən "Kapara" sözündən istifadə edib ki, bu da avtomatik tərcümə xidməti tərəfindən "inək" kimi tərcümə olunub. Söz isə, əslində, möhtəşəm deyə tərcümə olunmalı imiş. Bu sözün əsl mənasını bilməyən "Twitter"-in ingilisdilli istifadəçiləri isə sadəcə gördüklərindən şoka düşüblər.
İsrailin "Haaretz" nəşri vurğulayır ki, "Bing" bir neçə saatdan sonra "Kapara" sözünün daha dəqiq tərcüməsini təqdim edib: "Netta, sən möhtəşəmsən! Sən İsrail dövləti üçün böyük hörmətə nail oldun. Növbəti il Qüdsdə!", — deyə Netanyahu yazıb.
Qeyd edək ki, Netta ötən həftə keçirilən "Eurovision" müsabiqəsində qalib olmaqla, ölkəsini dördüncü dəfə birinci yerə çıxarıb. Nettaya qədər sonuncu qalib İsrail təmsilçisi 1998-ci ildə "Diva" mahnısı ilə çıxış edən Dana İnternational olub.