ABŞ-da diqqətlər Azərbaycana yönəldi

Birləşmiş Ştatların daha bir şəhərində 28 may "Azərbaycan Milli Günü" elan edilib
Sputnik

BAKI, 15 may — Sputnik. ABŞ-ın Missisipi ştatının paytaxtı və ən böyük şəhəri olan Cekson şəhərinin meri Çokve Antar Lumumba (Chokwe Antar Lumumba) Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən sənəddə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub.

ABŞ-dan Azərbaycanla bağlı daha bir qərar

Bildirilib ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq ABŞ-dan daha öncə qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda, bəyanatda Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu və öz suverenlik və müstəqilliyini möhkəmləndirərək Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olduğu vurğulanıb.

Cekson şəhərinin meri Çokve Antar Lumumba (Chokwe Antar Lumumba) Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verib

Ç.A.Lumumba imzaladığı bəyanatda 2018-ci il 28 may tarixini Cekson şəhərində Azərbaycan Milli Günü elan edib və vətəndaşları dünyada yaşayan milyonlarla, o cümlədən ABŞ-da yaşayan on minlərlə azərbaycanlı ilə birlikdə Azərbaycan Milli Gününü qeyd etməyə çağırıb.

Həmçinin, Cekson şəhərinin meri vətəndaşları demokratiyanın Mərkəzi Asiya, Orta Şərq və Qafqaz regionunda mühüm rolunu xatırlamağı təşviq edib.