RUSİYA

Regionun iki güclü dövləti arasında qızğın qarşıdurma: Diqqətlər Rusiyaya yönəldi

"Rusiya yeganə ölkədir ki, hamını danışıqlar masasına oturda bilər"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Mayın 10-u gecə saatlarında İsrail Hərbi Hava qüvvələrinə məxsus qırıcı təyyarələr Suriyada İran hərbçilərinə məxsus hərbi obyektlərə aviazərbələr endirib. İsrail ordusuna məxsus 28 ədəd "F-15" və "F-16" tipli qırıcı Suriya ərazisinə 60-a yaxın raket atıb, ondan çox taktiki raket isə Suriyaya yerdən atılıb.

ABŞ-İsrail-Səudiyyə ittifaqı dünyanı qarşısına aldı

Təl-Əviv bunu İran hərbçilərinin Qolan təpələrini atəşə tutmasına cavab olduğunu bildirib. İsrail Müdafiə Ordusunun yaydığı açıqlamada bildirilir ki, İranın "Əl-Qüds" qüvvələri tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub.

Dünya ictimaiyyəti bu fakta İsrail və İran arasında baş tutan ilk qarşıdurma kimi diqqəti çəkir. Sputnik Azərbaycan məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

İran üzrə ekspert, jurnalist Fərhad Daneşvar hesab edir ki, Suriyada baş verən son hadisələr, İsrail tərəfindən İranın bu ölkədəki obyektlərinə aviazərbələr endirməsi göstərir ki, İsrail ilə İran arasında hərbi qarşıdurma ehtimalı olduqca artıb.

"Həmin gün baş verənlərə diqqət yetirsəniz, görərsiniz ki, bir qayda olaraq İran İsrailin Suriyada onun hərbi obyektlərinə, bazalarına aviazərbələr endirməsinə çox təmkinli yanaşırdı və heç bir cavab addımı atılmırdı. Ancaq mayın 10-u gecə bunun əksi baş verdi və Suriya tərəfindən İsrailin mövqelərinə cavab atəşi açıldı, xeyli sayda raketlər göndərildi", — F.Daneşvar qeyd edib.

Ekspertin fikrincə, tərəflər arasında birbaşa qarşıdurma ehtimalı günü-gündən artır: "Görünən budur ki, İran Suriyada İsraillə hərbi qarşıdurmaya hazırdır. Nəzərə almaq lazımdır ki, İran hərbçiləri son illər İŞİD-lə, terrorçularla mübarizədə böyük təcrübə əldə edib. Onlar artıq müharibə görmüş, qələbə qazanan hazır qüvvələrdir. Lakin İranın İsraillə müharibəyə nə vaxt başlayacağını və ya nə vaxta qədər təmkinli davrancağını proqnozlaşdırmaq olduqca çətindir".

İran və İsrail sürətlə açıq müharibəyə doğru gedir

Məşhur rusiyalı politoloq, Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktoru İqor Şatrov isə düşünür ki, bu məsələ Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahunun mayın 9-da Moskvada keçirilən görüşündə müzakirə olunub: "Hadisələrin gərginləşdiyi dövrdə belə bir səfərin baş tutması Rusiyanın əsas vasitəçi kimi qəbul olunmasının göstəricisidir. Dostluq əhval-ruhiyyəsində keçən sammiti nəzərə alsaq, rəsmi Moskva tərəfindən hadisələrə verilən ayıq qiymətin İsraildə eşidilməsi perspektivi yüksəkdir".

Ekspert vurğulayıb ki, Rusiya dünya gücləri arasında Yaxın Şərqdə bütün əsas opponentlər – Türkiyə, İsrail, İran, Səudiyyə Ərəbistanı, həmçinin kürdlər və fələstinlilərlə dostluq əlaqələrinə malik yeganə ölkədir: "Rusiya yeganə ölkədir ki, hamını danışıqlar masasına oturda bilər".

"Buna artıq nümunə də var. Tehran ilə Ankara arasında xeyli fikir ayrılıqlarına baxmayaraq, Türkiyə və İran Rusiya ilə birgə Suriyada dinc nizamlanmanın qarantlarıdır. ABŞ-ın sərgilədiyi mövqe ilə əlaqədar təbii ki, İran və İsraili barışdırmaq çətindir, lakin mümkünsüz deyil", — İ.Şatov qeyd edib.

Fərhad Daneşvar da hesab edir ki, Rusiya İsrail və İran qarşıdurmasına müdaxilə edə biləcək və onları təmkinli olmağa dəvət edə biləcək yeganə ölkədir: "Rusiyanın hər iki ölkə ilə münasibətləri çox yaxşıdır və onlarla dialoq aparmaq iqtidarındadır".