CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Qaralov əmr verdi, iki uşaq anasının cəsədi qəbirdən çıxarıldı

Qızını üç ay əvvəl dəfn edən ata, onun əri və ailəsi tərəfindən öldürüldüyünü iddia edir
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Oğuz rayonunun Bayan kəndinin sakini, 1991-ci il təvəllüdlü Mikayılova Qəribə Allahverdi qızının qəbirdən çıxarılmış cəsədinə yerli polis və prokurorluq orqanlarının nümayəndələrinin iştirakı ilə baxış keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Oğuz rayon Polis İdarəsindən məlumat verilib.

Qeyd edək ki, mayın 10-da respublikanın baş prokuroru Zakir Qaralov 3 ay əvvəl baş vermiş intiharın araşdırılması barədə əmr verib. 28 yanvar saat 20:0-da Bayan kəndində Qəribə Mikayılova öz evinin həyətində asılmış vəziyyətdə tapılıb. Faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

Mikayılovanın atası əmindir ki, onun qızını öldürüblər. O, bu hadisə ilə əlaqədar olaraq Oğuz rayon Polis İdarəsinə və AR Baş Prokurorluğuna ərizə ilə müraciət edib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, onun bu iddiasını təsdiqləyəcək əsasları yoxdur.

Üç uşaq atası intihar edib

Mayın 10-da Bakıdan olan ekspert-kriminalistlərin iştirakı ilə Mikayılovanın qəbri açılıb və onun cəsədi müayinə edilib. Mikayılovanın cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb.

"Dəfnə qədər meyit yarılıb və məhkəmə-tibbi ekspertiza məhkəməyə verdiyi rəydə Mikayılovanın qətlə yetirilmədiyini bildirib. Atası isə Mikayılovanın ərini və onun ailəsini qızını öldürməkdə ittiham edir. Buna qədər isə ailəsinin Mikayılovaya qarşı qeyri-insani davranışları, ailədaxili münaqişələrlə bağlı polisə heç bir şikayət daxil olmayıb" — deyə Oğuz RPİ-dən bildiriblər.

O da məlum olub ki, Mikayılova ölümündən qabaq kağız yazıb qoyub. Kağızda yazıb ki, daha belə yaşamaqdan yorulub və ona görə də həyatdan getməyə qərar verib. Mikayılovanın iki azyaşlı uşağı qalıb. Onun özünün "Allahdan qorxan", inanclı adam olduğu bildirilir. Əri isə alkoqol aludəçisi imiş. Ehtimal var ki, həyat yoldaşının mənəvi keyfiyyətlərinin onun tələblərinə uyğun gəlməməsi qadının bədbəxtliyinə və intihar etməsinə səbəb olub.

Faktla bağlı araşdırma davam edir.