Amerika xalqından Azərbaycana böyük dəstək

ABŞ-ın bu şəhərində 28 may "Azərbaycan Milli Günü" elan edilib
Sputnik

BAKI, 11 may — Sputnik. ABŞ-ın Nyu-Meksika ştatının paytaxtı Santa Fe şəhəri 28 may 2018-ci il tarixini "Azərbaycan Milli Günü" elan edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı şəhər meri Alan Veber (Alan M.Webber) müvafiq bəyannamə imzalayıb.

ABŞ-dan Azərbaycanla bağlı daha bir qərar

Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunub.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Bundan başqa, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

Sənəddə həmçinin qeyd olunub ki, Los-Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan Nyu-Meksiko ştatı ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda vurğulanıb ki, 28 may tarixi Santa Fe şəhərində "Azərbaycan Milli Günü" elan edilib.