SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentin köməkçisindən kəskin mövqe: "İaşə müxalifətinin lideri..."

Əli Həsənov: "Bu "iaşə lideri" Qərb ölkələrinin liderlərinin İlham Əliyevi təbrik etmələrini az qala faciə sayır"
Sputnik

BAKI, 10 may — Sputnik. Xaricdə məskunlaşmış bəzi soydaşlarımız bu gün anti-Azərbaycan dairələrin əlində bir alətə çevrilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Prezidentin köməkçisindən "söyüş kampaniyası"nın arxasında duranlara sərt mesaj

O qeyd edib ki, dünən Azərbaycana qarşı "xüsusi marağı" ilə fərqlənən ABŞ Helsinki Komissiyasında ölkəmizdəki seçkilər və fundamental azadlıqlarla bağlı növbəti dinləmələr keçirilib: "Xatırladıram ki, məhz bu Komissiyanın sədri konqresmen Kris Smit hələ 2016-cı ilin dekabrında Azərbaycana qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi irəli sürmüşdü. Həmin layihənin müddəaları istər iqtisadi, istər siyasi, istərsə də hərbi sferada ABŞ-Azərbaycan münasibətlərini ciddi şəkildə korlamağa yönəlmişdi".

"Bu həmin Smitdir ki, uzun müddətdir qondarma erməni soyqırımının ABŞ hökuməti tərəfindən tanınması üçün xüsusi canfəşanlıq göstərir. Bütün ölkələrə, xalqlara və konfessiyalara eyni münasibət sərgiləməli olan Komissiya sədri özünün Ermənistana və erməni xalqına xüsusi sevgisinin olduğunu dəfələrlə etiraf edib", — Ə.Həsənov bildirib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, budəfəki dinləmələrin də məhz onun rəhbəri olduğu Komissiya tərəfindən təşkil edilməsini təsadüfi saymaq olmaz: "Tədbirdə ölkəmizdəki prosesləri yaxından izləyən, ona maraq göstərən insanlarla yanaşı, müxtəlif səbəblərdən daim kəskin anti-Azərbaycan mövqeyi tutan "ekspertlər" də iştirak edib. Dinləmələrdəki çıxışlarla tanışlıq natiqlərin Azərbaycanda baş verən proseslər, ölkəmizdəki siyasi qüvvələr nisbəti, özlərini siyasi partiya və ya ictimai hərəkat kimi təqdim edən bəzi qurumların cəmiyyət həyatındakı real çəkisi və gerçək niyyətləri barədə çox səthi, əksər hallarda isə yanlış təsəvvürə malik olduqlarını göstərdi".

Həsənovun sözlərinə görə, xarici qrant və ianələr hesabına Azərbaycandan kənarda informasiya resursu yaradan, bir neçə il əvvəl həmin resursa məxsus saytda erməni soyqırımının tanınmasının vacib olduğu barədə məqalə yerləşdirən bir "soydaşımız" yenə də sanksiya məsələsini gündəmə gətirdi, Azərbaycanın lobbiçilik sahəsindəki fəaliyyətini tənqid etdi, ABŞ-ı və Avropa İttifaqını növbəti dəfə ölkəmizə ciddi təzyiq göstərməyə çağırdı.

"Qəribə olan həm də budur ki, son dövrlər özünü Avropadakı "iaşə müxalifəti lideri" kimi tanıtmış, vulqar davranışı, təhqiramiz ritorikası və azərbaycanlıya xas olmayan saç düzümü ilə fərqlənən birisi də həmin tədbirə dəvət edilmişdi. Nə danışdığının fərqində olmayan bu "iaşə lideri" Qərb ölkələrini Azərbaycan hakimiyyəti ilə normal münasibət saxlamaqda ittiham edir, Avropa İttifaqı, aparıcı Avropa ölkələri və ABŞ liderlərinin növbədənkənar prezident seçkilərindən sonra cənab İlham Əliyevə məktub göndərərək onu təbrik etmələrini az qala faciə sayır", — Ə.Həsənov vurğulayıb.

Milli Məclisdə "söyüş kampaniyası"nın iştirakçıları barədə sərt təklif

"Təəssüf hissi ilə bildirirəm ki, xaricdə məskunlaşmış bəzi soydaşlarımız bu gün anti-Azərbaycan dairələrin əlində bir alətə çevrilib. Onlardan dövlətimizi, xalqımızı və ölkə hakimiyyətini gözdən salmaq üçün fəal istifadə edirlər. Görünür, bütün bu canfəşanlıq, müxtəlif ölkələrdə keçirilən tədbirlər, bir ölkədən digərinə və hətta bir qitədən başqasına edilən səfərlər sırf şəxsi təşəbbüs deyil. Heç şübhəsiz, bütün bunların arxasında xaricdəki bəzi anti-Azərbaycan dairələrdən və imkanlı azərbaycanlılardan alınan böyük miqdarda pullar və mütəmadi təlimatlar dayanır. Belələrinə üz tuturam: tutduğunuz səhv yoldan çəkinin" — o, əlavə edib.

Prezidentin köməkçisi daha sonra deyib: "Xaricdə öz ölkənizə və xalqınıza qarşı belə canfəşanlıqla təbliğat aparmaqdansa, intellektinizin imkan verdiyi dərəcədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırın. Bacarırsınızsa, həmin ölkələrdə Azərbaycanın haqq sözünü deyən, Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxan siyasətçilərlə, politoloqlarla, QHT və KİV nümayəndələri ilə əlaqə qurun, onları öz tədbirlərinizə cəlb edin. Belə etsəniz, mənsub olduğunuz xalqın hörmət və etimadını qazanarsınız… Bir sualım da var: sizcə, dünənki dinləmələrdə salonda oturan erməni lobbisi təmsilçiləri öz ölkələrini sizin kimi müzakirə hədəfinə çevirərdilərmi? Hər halda, düşünməyə dəyər".