Ərdoğan böhran anonsu verdi: "Hər kəs bundan zərər görəcək"

Türkiyə prezidenti: "İtirən ABŞ olacaq, çünki razılıq verdiyi sazişə sadiq qalmır"
Sputnik

BAKI, 9 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması ilə bağlı qərarına münasibət bildirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan ABŞ-ın imza atdığı sazişə sadiq qalmadığını vurğulayıb.

Tramp dünyanı bəlaya sürükləyən qərarını açıqladı: Çəkilirəm

"İtirən ABŞ olacaq, çünki razılıq verdiyi sazişə sadiq qalmır. Beynəlxalq razılaşmaları istədiyiniz zaman pozmaq, istədiyiniz zaman imzalamaq olmaz. Bu sazişlə bağlı işlərin tərs getməsi sadəcə regiona deyil, bütün dünyaya və beynəlxalq iqtisadiyyata, dolayısı ilə Türkiyəyə də təsir edəcək", — Ərdoğan bildirib.

"ABŞ bundan mənfəət götürə bilər, ancaq bir çox ölkə ciddi zərər görəcək. Niyə daha böyük böhranlara yol açırıq? Bizim böhranlara ehtiyacımız yoxdur. İtirən ABŞ olacaq. Əgər imzalar atılıbsa, ona sadiq qalmaq lazımdır", —deyə Türkiyənin dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə razılaşmasından çıxmasına dair qərar qəbul edib.