İDMAN

Qafqaz bəbirləri yarışın simvolu oldu

Bəbirlərin seçilməsi nəslinin tükənməkdə olması ilə əlaqədardır
Sputnik

BAKI, 8 may — Sputnik. İyunun 5-9-da Bakıda keçiriləcək BMX üzrə velosiped dünya çempionatının rəsmi maskotu Qafqaz bəbiri olacaq. Velosiped Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çempionatın simvolu olaraq bəbirin seçilməsi özlüyündə bu elementləri ehtiva edir:

BMX üzrə dünya çempionatının rəsmi maskotu Qafqaz bəbiri

Tullanmaq üçün balans

Ekstrimal idman növü olan BMX yarışlarında idmançılar daha çox tullanma elementlərindən istifadə edirlər və bu zaman yıxılmamaq üçün balansın qorunması olduqca önəmlidir. Qafqaz bəbiri də qaçdıqda və ov etdikdə bir neçə metr uzunluğa tullana bilir və bu baxımdan balansın qorunması ön plana çıxır.

Fərdilik

BMX yarışları komanda yox, fərdi idman növüdür. Qafqaz bəbiri də fərdi yaşamağa üstünlük verir.

Güc və sürət simvolu

Rəqiblərini üstələmək üçün əksər idman növlərində olduğu kimi, BMX növündə də finişə birinci çatmaq üçün güclü ayaqlara və sürətə ehtiyac duyulur. Qafqaz bəbirinin isə güc və sürət etalonu olduğu heç kimə sirr deyil.

Xatırlatmaq istərdik ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə regionumuzda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyənləşdirilib və Qafqazın "Böyük Beşliyi" konsepsiyası tərtib edilib. Bu növlərdən biri də məhz Qafqaz bəbiridir. Həmin dövrdən etibarən, IDEA İctimai Birliyi təhlükə altında olan fauna növlərimizin mühafizəsi və artırılması istiqamətində əməli tədbirlərə başlayıb. Son 10 ilin tədqiqatları bəbirlərin Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində yaşadığını müəyyən edib. Ümumilikdə respublika ərazisində işğal olunmuş ərazilər də daxil olmaqla 20-yə qədər fərdin yaşadığı ehtimal edilir.

Bəbirlərin sayının azalmasının əsas səbəbi isə insanlar tərəfindən birbaşa təqib olunması və əsas qida obyektlərinin sayının kəskin azalmasıdır. Qafqaz bəbirlərinə diqqəti artırmaq və onların mühafizəsi istiqamətində səyləri səfərbər etmək məqsədilə, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin may ayında Bakı şəhərində tarixdə ilk dəfə olaraq, Qafqaz Pişikkimiləri üzrə beynəlxalq Sammit də təşkil edilib.