Ermənistan üçün həlledici gün

Seçkilər Milli Məclisdə saat 12:00-da başlayacaq
Sputnik

BAKI, 8 may — Sputnik. Bu gün Ermənistan parlamentinin xüsusi iclasında baş nazir seçkiləri keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, parlamentin xüsusi cilası Bakı vaxt ilə saat 12:00-da başlayacaq.

Paşinyan baş nazir ola bilmədi: Əhali Yerevan küçələrində

İclas zamanı baş nazir postuna yeganə namizəd Nikol Paşinyanın deputatlar tərəfindən bu vəzifəyə seçiləcəyi gözlənilir. Bunu ötən gün etirazçılar önündə çıxış edən Paşinyanın özü də bildirib: "95 faiz ehtimalla sabah xalqın namizədi baş nazir seçiləcək. Seçkilər Milli Məclisdə saat 12:00-da başlayacaq, 11:00-da isə bütün vətəndaşları Respublika meydanında toplaşmağa çağırıram".

O, həmçinin qeyd edib ki, mayın 8-ni qeyri-iş günü elan edir.

Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 1-də isə Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.

Ermənistan parlamenti Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib. Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Onun Ermənistanın baş naziri seçilməsi üçün 53 səs tələb olunub. Səsvermədə baş nazir seçilə bilməyən müxalifət lideri Nikol Paşinyan ölkədə ümummilli tətil elan edib.