SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hara gedirsən, Ermənistan: Knyazlığa məliksiz çətin deyil ki?

Rusiya Paşinyanı dəstəkləmir və ermənilərə Sarqsyansız yaşamaq çətin olacaq
Sputnik

BAKI, 4 may — Sputnik. Bu günlərdə Ermənistan adlandırılan və ötən əsrin 20-ci illərində tarixi Göyçə gölü adını itirərək Sevan adlandırılan Azərbaycan torpaqlarının qərbində yerləşən balaca məliklikdə (xandan asılı vəziyyətdə olan, məlik tərəfindən idarə olunan kiçik feodal mülkiyyəti-red.) işlər bir o qədər də yolunda getmir.

Naşı oxucu soruşa bilər ki, niyə məhz məliklik? Axı Ermənistan ayrıca dövlətdir? Bəli, kimin üçünsə dövlətdir, kimin üçünsə nəzərəçarpan azlıq. Başqaları üçünsə, Ermənistan sadəcə tarixin heç bir dövründə müstəqil olmayan, daim kiməsə tabe olan balaca vassallıqdır. Hətta onların ən bədnam çarı, ermənilərin həmişə və hər yerdə xatırlamağı unutmadığı Böyük Tiqran belə heç vaxt müstəqil hakim olmayıb və bir neçə onillik ərzində uğurla gah Parfiya, gah da Roma tərəfə əyilib.

Qayıdaq müasir Ermənistana. Bu günlərdə seçilsə də, seçilməsə də hökumətin başçısı olacağını bəyan edən küçə "baş nazir"i Nikol Paşinyan belə ilk döyüşü uduzub. 

Serj Sarqsyan istefa verdi

Görünür Paşinyan "ümumiyyətlə heç seçilməyəcəyindən" narahatdır. Nəhayət, məgər Ermənistanda don pedrolar azdır. Əlbəttə, onun seçilməmə ehtimalı azdır. Erməni xalqı öz küçə lideri ilə birlikdə qanunvericiliyin imkan verdiyi baş nazir seçkilərini gözləyir. Bununla yanaşı, o, gözəl başa düşür ki, əgər yenidən baş nazir seçilməsə, bu, avtomatik olaraq Milli Məclisin buraxılmasına səbəb olacaq. 40 gün ərzində isə növbədənkənar seçkilər keçirilməlidir.

Erməni müxalifətçi lider tərəfdarlarını əmin edib ki, hadisələrin istənilən inkişafına hazırdır. Bu isə o deməkdir ki, yaxın iki ay ərzində o, yuyunmadan və üzünü qırxmadan küçələrdə dolaşmaq, şüarlar qışqırmaq, vaxt-vaxt yolları, aeroportları, metroları və sair və ilaxiri bağlayıb açmaq niyyətindədir.

Düzünü desək, bu tamaşa artıq hamını, başda da ermənilərin özlərini boğaza yığıb. Bu gün Ermənistanda vəziyyətin mürəkkəbləşməsindən nəinki Qarabağ klanı adlanan hakim dairə narazıdır, hətta bir müddət əvvəl fəal mübarizə aparanlar da narazıdır. Meydan bu gün Vətən, Lenin, bağışlayın, Paşinyan deyir.

Misal üçün götürək turizm biznesi ilə məşğul olan iş adamlarını. Onlar üçün bağlı yollar və aeroport ölümcül zərbədir. Onlar ölkəyə turist göndərən turizm operatorları qarşısında məsuliyyət daşıyırlar. Və bu itkilər heç bir əsası olmayan, haqq qazandırılması mümkün olmayan itkilərdir. Xalqı küçələrə çıxaran, yolları bağlayan və ümumişçi tətilləri elan edən Paşinyan isə bu itkilərin əvəzini ödəməyəcək. Özü də indi deyil, əgər o, hansısa zəlzələdən, yaxud vəlvələdən baş nazir olsa. 

Bütün Ermənistan ayaqda: Aeroportlar, metro və yollar...

Bu nə deməkdir? Bu o deməkdir ki, heç nə Ermənistanı dəyişməyəcək. Hakimiyyətə oturmuş Qarabağ klanı kimi, evdə yetişən müxalifətçilər üçün də onların tərəfdarlarının nəyin hesabına yaşadıqlarının fərqi yoxdur. Əsas ambisiyadır. Onun ambisiyası.

Hər necə olsa da, o, artıq özü üçün Adidas kepkalı və zirehli geyimli cəngəvar obrazını fikirləşib. Hansısa "varlılardan götürüb kasıblara paylayan", "korrupsiyaya "yox", bərabərlik və qardaşlığa "hə" deyən" Robin Quddur. Maraqlı şüarlardır. Özü də bu şüarlar onun tərəfdarlarına baxanda daha da maraqlı gəlir. Misal üçün götürək elə xalq tərəfindən "Dodi Qaqo" (Kütbeyn Qaqo) adlandırılan oliqarx Qaqik Tsarukyanı. O və onun idmançıları dəqiq korrupsiya ilə mübarizə aparacaqlar. Əlbəttə bu yaxşıdır, özü də yumruqlarla birlikdə.

Odur ki Paşinyan özünə gözəl obraz seçib. O erməni gənclərinin də xoşuna gəlir. Amma göründüyü kimi, bu, normal təhsilin və postsovet məkanının tarixi ilə bağlı biliklərin olmamasından irəli gəlir. Küçələrə tökülüşən və inqilabı əyləncə kimi başa düşən, yaxud da bunu "müasir vətəndaş cəmiyyətinə doğru növbəti addım" kimi qəbul edən erməni tələbələr və sadə işsiz gənclər hələ ki, harada səhv etdiklərini anlamırlar.

Azərbaycanda bu mərhələ uzaq 90-cı illərdə keçilib. O zamanlar Nemət Pənahovun populist şüarlarına Ermənistanda olduğu kimi minlərlə deyil, milyonlarla insan qarşılıq verirdi. Onlar hətta Pənahovun bir komandası ilə oturub-dururdu. Hər şey onunla qurtardı ki, dağıdılanları toplamağın və yenini qurmağın zamanı gəldi və onda məlum oldu ki, yenini qurmağa heç nə yoxdur — nə təcrübəli komanda, nə də mövcud vəziyyətin necə aradan qaldırılacağına dair təkliflər. 

Paşinyan Azərbaycanla bağlı narahatlıq içindədir

Pənahçıların o vaxtlar necə göründüyünü bilməyənlər, yaxud yaddaşı zəif olanlar üçün deyək ki, bu gündən baxanda onlar Azərbaycan lətifələrinin qəhrəmanları kimi görünürlər. İnanmayanlar axtarış sisteminin köməyindən istifadə edə bilərlər. İnanın, sizdə şübhə yeri qalmayacaq.

Heç olmasa Pənahovun Paşinyandan fərqli olaraq ideyası vardı. Mümkün görünməsə belə, o, Şimali və Cənubi Azərbaycanı birləşdirmək istəyirdi. Erməni yoldaş isə bu günlər ərzində yalnız Azərbaycanla ciddi danışacağını deməklə kifayətlənib. Küçələrdə verilən sözlər və divarlara yazılan şüarlar isə azdır. Bunlara inanmaq lazımdırmı? Biz erməni hakimiyyətindən xeyli əvvəl bu şeyləri eşitmişik.

Erməni xalqını Pənahovun taleyinin sonuna qədər aparmadan diqqəti digər postsovet məkanının tarixinə yönəltmək istəyirik — məhz xeyli qabaq hakim partiyanın çağırışı ilə hakimiyyətə gələn, lakin hakimiyyətdaxili fikir ayrılıqlarına son qoymayan Bidzina İvanişviliyə.

Erməni xalqı niyə başa düşmür ki, inqilab adlandırılan bu tamaşa Gürcüstan ssenarisinin təkrarıdır?! Ermənistanda vəziyyət özünün pik nöqtəsinə çatandan sonra hakim partiya kimi isə çağıracaq. Onların öz namizədlərini, hətta eks baş nazir Karen Karapetyanı irəli sürməmələri şaşırdıcı olardı.

Baxmayaraq ki, Kremlin qeyri-rəsmi ruporu adlandırılan RLDP-in lideri Vladimir Jirinovski bu gün Ermənistanda baş verənləri dövlət çevrilişi adlandırıb.

"Bəli, hakimiyyət heç yerdə hədiyyə verilmir. Onlar da biz insanlar kimidir və öz xarakterik xüsusiyyətləri var. Bəli, Ermənistanda korrupsiya, kasıblıq və digər problemlər vardı. Amma bu o demək deyil ki, hazırkı hakimiyyəti devirməklə ermənilər daha pis hakimiyyət əldə etməyəcəklər" – deyə siyasətçi öz Telegram hesabından yazıb. 

Ermənistanda hakim partiya müxalifətə keçir

Bu bəyanat özü-özlüyündə onu göstərir ki, Moskva Paşinyanı dəstəkləmir, onu legitim saymır və saymayacaq. Bəs adətən dövlət çevrilişinin iştirakçılarına nə edirlər? Onları legitim liderlər cəzalandırırlar. Necə ki, bu, bir il əvvəl Türkiyədə oldu.

Qəribə deyil ki, legitim lider eks-prezident və eks-baş nazir Serj Sarqsyandır. Yeri gəlmişkən, o hanı? Ermənistanda baş verən hadisələrə paralel olaraq bu siyasətçinin həyatında da istənilən insan üçün faciə sayıla biləcək hadisə baş verdi — onun anası öldü. Bir sıra erməni KİV-lərinin yazdığına görə, o, oğlunun baş nazir postuna namizədliyini irəli sürməsinin əleyhinə idi və oğlunun əleyhinə hərəkat başlayanda öldü. Sarqsyan bu gün siyasətdə deyil, gedib. Amma uzağamı?

Sonra o hər zaman qayıda bilər. Xüsusilə də qəzəblənmiş erməni xalqı başa düşəndə ki, inqilab uğursuzluğa düçar olub, hökumət binasını dağıtmağa gedəcək, həm də təkcə bunu etməyəcək. Yəni o xalq buna qadirdir. O zaman nə baş verəcək? Gəlin fantaziyalarımızı işə salaq. O zaman hakim partiya özünün "Ağ atlı şahzadəsini", onların xilaskarı və məsihi Sarqsyanı çağıracaq. Axı onun üsyanı yatırmaq və hakimiyyətə qanla gəlmək təcrübəsi var. Məlum olduğu kimi tarix təkrarlanır.

Bəli, gəlin çobanyastığı falına baxaq. Ermənistanda hadisələr bir gündə bir neçə istiqamətdə dəyişir. Odur ki, yaşayarıq, görərik. Amma axırda ermənilərə mərhum yumor ustası Mixail Zadornovun monoloqunu xatırlatmaq istəyirik.

"Bizim hazırda Almaniyada yaşayan qazax almanımız məktub göndərib. Danışır ki, bir dəfə o bir dəstə almanla bir yerdə işıqforun qırmızı işığının yaşıla keçməsini gözləyirmiş. İşıqfor xarab olubmuş, avtomobillərsə yox imiş, lakin almanlar yenə də işıqforun rənginin dəyişməsini gözləyirlərmiş. Bizimki hər şeyi başa düşürmüş, əsəbiləşsə də yolu keçməyə utanırmış. 

Yerevan yenə qarışdı: Ağ xələtlilər önə çıxdı

Birdən o arxadan təmiz rus dilində bir ifadə eşidir: "Nə vaxtadək burda yatacağıq!". Bunun ardınca rus almanlardan çəkinmədən iri addımlarla yolu keçir. Bütün gözləyənlər də dərhal onun arxasınca keçirlər.

Rus səkidə dayanır, üzünü çevirir və möhkəm səslə deyir "Hə, lənət şeytana, fürersiz sizə yaşamaq çətindir!"

Bu monoloqdan çıxış edərək ermənilərdən soruşmaq istəyirəm ki, sizə də sükanı arxasında keçmiş Azərbaycan vətəndaşının olduğu ölkədə yaşamaq çətindir? Əgər belədirsə və Serj Sarqsyan sizə yaramırsa, onda deyin, sizə birini də yollayaq.