İDMAN

Azarkeşlər qərar verdi: Azərbaycan Qran-Prisi ən yaxşıdır

"Formula-1" Azərbaycan Qran-prisinin azarkeşləri ötən bazar günü Bakıda keçirilən çempionatı bu ilin ən yaxşı mərhələsi adlandırıblar
Sputnik

BAKI, 2 may — Sputnik. "Formula-1" Azərbaycan Qran-Prisinin azarkeşləri ötən bazar günü Bakıda keçirilən çempionatı bu ilin ən yaxşı mərhələsi adlandırıblar.

Sputnik Azərbaycan bu barədə çempionatın Twitter sosial şəbəkəsindəki rəsmi profilinə istinadla xəbər verir.

Sosial şəbəkələrdə bu il hansı mərhələnin fanatların daha çox xoşuna gəldiyini müəyyən etmək məqsədilə özünəməxsus sorğu keçirilib. ""Formula-1"in 2018-ci il mövsümünün məhz hansı Qran-Prisi sizin daha çox xoşunuza gəldi?" sualının verildiyi sorğuda 43 419 istifadəçi iştirak edib.

Məşhur rusiyalı şərhçi “Formula-1” üzrə Azərbaycan Qran-prisindən danışır

İştirakçıların 68%-i məhz Azərbaycan Qran-Prisinin daha çox xoşlarına gəldiyini qeyd ediblər. İstifadəçilərin ən çox xoşuna gələn Qran-Prilər arasında ikinci yeri 14%-lə Çin tutub. Onu 11%-lə Bəhreyn və 7%-lə Avstraliya Qran-Priləri izləyib.

Sorğunun şərh bölümündə istifadəçilərin bir çoxu qeyd edib ki, məhz Azərbaycan mərhələsi ən yaxşısı və maraqlısı idi.

"Yüz faiz Azərbaycan" — deyə CaTz nikini daşıyan istifadəçi yazıb.

"Bakı Qran-Prisi həmişəki kimi sadəcə brilyant idi" — Justyn G adlı istifadəçi bildirib.

Geronimo Cebrero adlı fanat isə yazıb: "Bizə Bakı Qran-Prisi hər həftə lazımdır".

"Çin möhtəşəm idi, amma Azərbaycan Qran-Prisi tamamilə klassika idi", "Keçən il olduğu kimi, Bakı yarışı çox yaxşı idi" — deyə digər istifadəçilər bildiriblər.

Hazırda "Formula-1"in Avstraliya, Bəhreyn, Çin və Azərbaycan mərhələləri başa çatıb.

"Formula-1"-də gözlənilməz hadisə baş verdi

Azərbaycan Qran-Prisinin üçüncü mövsümü 2018-ci ilin 27-29 aprel tarixlərində keçirilib. Yüksək texnologiyalı bolidlərin yarışı Azərbaycan paytaxtının qədim hissəsində — İçərişəhərdə təşkil edilib. Trass German Tilke tərəfindən hazırlanıb. Bakı Şəhər Halqasının uzunluğu 6 km-dən bir qədər artıqdır. Trass üzrə hərəkət isə saat əqrəbinin əksi istiqamətindədir. Bu il Azərbaycan Qran-prisinin qalibi Mercedes komandasının pilotu Luis Hamilton olub.

Bakıda ilk "Formula-1" yarışı 17-19 iyun 2016-cı il tarixlərində keçirilib. O zaman birincilik uğrunda 11 komanda mübarizə aparıb. Onların hər biri iki pilotla təmsil olunub. O pilotlar arsında dünyaca məşhur Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastyan Fettel, Valtteri Bottas də olub.

Azərbaycanda keçirilən ilk "Formula-1"-in qalibi 2016-cı ildə Niko Rosberq olub. 2017-ci il 24-25 iyun tarixlərində keçirilən ikinci yarışda isə Red Bull komandasının pilotu Daniel Rikkardo qələbə qazanıb.