İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 26 aprel — Sputnik. İlk dəfə "Şanxay" qəsəbəsi adını eşidəndə qəribə gəlmişdi mənə. Hətta onun harada yerləşdiyi barədə də düşünmüşdüm. Sonradan bildim ki, Bakının Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən bir ərazi var, ora "Şanxay" deyirlər. Sonralar dəfələrlə "Şanxay"da olub, sakinləri ilə söhbətləşmişdim. Hamısının bir arzusu vardı: "Ərazi sökülsün, onlar da rahat evdə yata bilsinlər".
Qəsəbədən dəmiryolu xətti keçdiyi üçün bəzi sakinlər burada çarəsiz vəziyyətdə yaşadıqlarını deyirdilər. Hətta bildirirdilər ki, uşaqları oynamağa belə buraxmağa qorxurlar, qatar gəlib vurar deyə. İki il öncə isə ərazidə 18 yaşlı gənci qatar vurub parçalamışdı. Bir sözlə, sevimli "Şanxay" artıq sakinlərinin kabusuna çevrilmişdi. Sakinlər illər ərzində qatarların gəliş-gediş saatını öyrənib qorunmağa çalışsa da, uşaqların həyatı hər zaman təhlükədə olub.
Bu dəfə yolumu yenidən "Şanxay"dan salmaq qərarına gəldim. Hazırkı vəziyyəti öyrənmək, axırıncı dəfə getdiyimdən bəri nələrin dəyişdiyini yerindəcə görmək üçün üz tutdum "Şanxay"a. Ancaq düşündüyüm kimi olmadı. Ərazidə, demək olar ki, çox az ev qalmışdı. Əvvəllər getdiyimdə gördüyüm evlərin əksəriyyəti sökülmüşdü, sakinlərin çoxu köçmüşdü.
Sputnik Azərbaycan-a danışan Tamilla Quliyeva da "Şanxay" sakini olub. Ancaq ilk söküntüdə onun da evi plana düşüb: "Evimin hər kvadratmetrinə görə min manatdan pul verdilər. Mən də həmin pula Masazırda 2 otaqlı bina evi alıb köçdüm. İndi gəlmişəm ki, əşyalarımın qalanını götürüm".
Tamilla xanımın sözlərinə görə, bina evinə alışmaq çətin olsa da, buna çalışır. Onunla sağollaşıb, uzaqlaşmaq istəyirdim ki, diqqətimi yaşlı bir kişi çəkdi. Baxışları onu çox uzaqlara apardığından əvvəlcə salamımı belə, eşitmədi. Yaxınlaşıb danışdırdıqda adının Hüseyn olduğunu öyrəndim. Dediyinə görə, 75 yaşı var. Ömrünün çox hissəsini elə bu qəsəbədə keçirib.
"Mən uzun illərdir ki, burada yaşayıram. Qatarların səsinə də öyrəşmişdim. İndi mənim üçün maraqlı deyil, "Şanxay" sökülür, hara köçür. Mənim üçün maraqlıdır ki, həyat çox tez keçir", — deyir Hüseyn baba və susur.
Uzaqda söküntülər arasında uşaqlar oynayır. Yaxınlaşıb soruşuram ki, "deyəsən, köçürsünüz". Sevinclərini gizlədə bilmirlər, "hə, bizim də təzə evimiz olacaq" deyirlər.
Deyilənə görə, "Şanxay"ın təməli 50-ci illərdə atılıb. Müxtəlif bölgələrdən gələnlər, məcburi köçkünlər dəmir yolundan 1-2 metr aralı "gecəqondu" tipli evlər tikərək burada məskunlaşıblar.
Pəhləvan Fərzəliyev küçəsində tikilən yaşayış məntəqəsi sonradan elə sakinlərin özü tərəfindən "Şanxay" adlandırılıb. İndi isə "Şanxay" tarixə qovuşur.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dəmir Yolunun 2-ci blok-post – Böyükşor mənzilində (el arasında "Şanxay" adlanan yerdə) dəmiryolunun mühafizə zolağında 476 qeyri-qanuni tikilinin sökülməsi nəzərdə tutulur.
"445 tikinti sahiblərinə kompensasiyası ödənilib və tikintilər sökülüb. 31-i müəyyən səbəblərdən hələ sökülməyib. Hazırda söküntü materialları daşınır, ərazi təmizlənir", — Qədirova qeyd edib.
S.Qədirovanın sözlərinə görə, dəmir yolunun təhkim zolağındakı adıçəkilən tikililərin hamısı qeyri-qanunidir: ""Nəqliyyat haqqında" Qanunun, Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq, Nazirlər Kabineti "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları"nın təsdiq edilməsi haqqında" 23 fevral 2005-ci ildə 33 saylı qərar qəbul edib".
"Sənədin "Dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə zonasında torpaq sahələrindən istifadə olunması" bölməsində qeyd edilib ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır", — qurumun sözçüsü əlavə edib.